Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Azərbaycan kimi ölkələr “Böyük Turan”a daxil olarsa, Moskva Türkiyənin güclənəcəyindən çəkinirmi?” sualını cavablandırıb.
Rusiyanın Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Türkiyənin “Böyük Turan” dövləti qurmaq məqsədini güdmədiyini söyləyib. Onun sözlərinə görə, heç keçmiş SSRİ respublikaları da bu ideyanı, çətin ki, dəstəkləyələr.
“Tarixi mənada fövqəlmilli qurum kimi “Böyük Turan”dan söhbət gedirsə, hesab edirəm ki, Türkiyənin məqsədi bu deyil. SSRİ-nin parçaları olan və sonra müstəqillik qazanan ölkələrin reallıqda belə bir ideyanı necəsə dəstəkləyəcəyini təsəvvür etmirəm. Əksinə, onların xarici siyasətlərinin pafosu və praktiki fəaliyyətləri öz milli dövlətçiliklərini gücləndirməyə yönəlib”, – Lavrov RBK TV-nin efirində “Azərbaycan kimi ölkələr “Böyük Turan”a daxil olarsa, Moskva Türkiyənin güclənəcəyindən çəkinirmi?” sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, Türkiyənin öz maraqları var – bu da eyni dili danışan millətlərdir.
Lavrov qeyd edib ki, türkdilli xalqların münasibətləri mövzusu Türkiyə ilə digər ölkələr, o cümlədən Azərbaycan və Orta Asiya dövlətləri arasında əməkdaşlıqda özünə dərin yer edib.
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası var, orada biz müşahidəçi kimi iştirak edirik. Bizim bir neçə respublikamız əlaqə qurulmasında maraqlıdır. Orada onlar konkret layihələr irəli sürürlər. TÜRKSOY kimi bir təşkilat var – Beynəlxalq Türk mədəniyyəti təşkilatıdır. Türkdilli Dövlətlərin Parlament Assambleyası kimi bir qurum da var. Onların hamısı çoxdan fəaliyyət göstərir. Onların öz planları var, tədbirlər keçirirlər. Əsasən bu iş mədəni, maarifləndirici ənənələr, dil vasitəsilə gerçəkləşir”, – nazir deyib.
Gununsesi.info