Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Prezident İlham Əliyevə zəng edib. Söhbət zamanı Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.
Bununla bağlı Modern.az-a danışan ölkəmizin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, deputat Kamran Bayramov qeyd edib ki, təşkilatla çox səmərəli əməkdaşlıq həyata keçirilir:
“Uzun illər boyu qətiyyətli dəstək təşəbbüsü çərçivəsində Azərbaycan NATO üçün hər zaman müvafiq şərait yaradıb. Eyni zamanda NATO standartlarına uyğun olaraq Azərbaycan ordusunda islahatlar aparılıb, təlimlər həyata keçirilib. Ordumuzun bu cür döyüş qabiliyyətli hazırlanmasında NATO təlimlərinin və texniki köməyinin rolu var.
Azərbaycan İstənilən beynəlxalq təşkilatla əməkdaşlıq həyata keçirməyə hazır olan dövlətdir, etibarlı tərəfdaşdır. Ona görə, NATO həmişə Azərbaycana qarşı yaxın münasibət sərgiləyir. NATO-nun tədbirlərində, sessiyalarında, seminarlarında Azərbaycan nümayəndə heyəti fəal iştirak edir, öz töhfəsini verir. Eyni zamanda regionda təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir, məsələlər qaldırırıq. Hətta 44 günlük müharibədən öncə Azərbaycana qarşı həyata keçirilən işğalçılıq siyasəti, Dağlıq Qarabağın işğalı ilə bağlı NATO-nun hər bir tədbirində öz mövqeyimizi çatdırmışıq. Bu gün də NATO-nun tədbirlərində iştirak edirik. Regionda təhlükəsizliyin bərqərar olması ilə bağlı Azərbaycanın mövqeyini bildiririk.
NATO baş katibinin Prezidentimizə zəngi, səsləndirdiyi fikirlər Azərbaycana olan münasibətin göstəricisidir, ölkəmizə verilən qiymətdir. Bundan sonra da Azərbaycan təşkilatla əməkdaşlığını eyni istiqamətdə quracaq, səmərəli və məhsuldar əlaqələri davam etdirəcək”.
Azərbaycanın Avropanın qaz təchizatında önəmli rol oynadığı haqqında xatırlatmanın təsadüfi olmadığını vurğulayan deputat bildirib ki, hər zaman xüsusilə enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqı, Avropa dövlətləri ilə uğurlu əməkdaşlıq həyata keçirilib:
“Azərbaycan qazı Avropa bazarlarına çatdırılır. Cənub-Qaz dəhlizi layihəsi həyata keçirilir. Bu, ən bahalı və fenomenal layihələrdən biridir. Eyni zamanda Avropanın qaz mənbələri baxımından da Azərbaycan böyük əhəmiyyət kəsb edir. Avropa ölkələrində son zamanlar qazın qiymətlərinin artması ilə bağlı narahatlıqlar ifadə olunurdu. Prezidentimiz də bununla bağlı açıqlama verərək, Azərbaycanın hər zaman Avropanın qaz tələbatının ödənilməsi üçün öz töhfəsini verməyə hazır olduğunu bildirdi.
Düşünürəm ki, həqiqətən, Azərbaycan nəinki əməlləri, həm də xarici siyasəti ilə bu etimadı doğruldub və bu gün də Azərbaycan Avropa üçün çox etibarlı tərəfdaşdır. Xüsusilə sülh, əməkdaşlıq və enerji təhlükəsizliyi sahələrində tərəflərin əlaqəsi önəmli rol oynayacaq”.
Gununsesi.info