“Azərbaycanın Əfqanıstanda səfirliyinin fəaliyyətə başlaması doğru qərardır” – AÇIQLAMA

  • By admin
  • 15 Fevral 2024 14:36

Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabildə Taliban hökumətinin xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Bu barədə məlumatı Taliban XİN-in sözçüsü Əbdül Kaxar Balkhi öz “X” hesabında paylaşıb.

Məlumata görə, görüş zamanı səfir İlham Məmmədov Kabildə Azərbaycan Səfirliyinin açılması ilə bağlı rəsmi məktubu Əmir Xan Müttəqiyə təqdim edib.

Bununla bağlı Gununsesi.info-ya açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanın Əfqanıstanda səfirliyinin fəaliyyətə başlaması doğru qərardır.

“Taliban real gücdür və kiçik istisnalarla ölkənin tamamına nəzarət edir. Talibanın paytaxt Kabili ələ keçirməsindən təxminən 3 ilə yaxın vaxt keçib. O zaman Kabili təcili tərk edənlər tədricən geri qayıtmağa başlayıblar. Bir sıra dövlətin səfirliyi Kabildə yenidən fəaliyyətə başlayıb, digərləri isə Talibanla təmasları davam etdirirlər”, – deyə o əlavə edib.

E.Şahinoğlunun sözlərinə görə, Talibanla ən sıx əlaqəsi olan ölkə Çindir. Pekin Əfqanıstana yatırımlarının həcmini artırıb, bu ölkənin yeraltı sərvətlərinə və ərazidən keçən nəqliyyat dəhlizlərinə maraq göstərir:

“Bölgədə müxtəlif nəqliyyat dəhlizlərinə maraq göstərən Azərbaycan tək elə bu səbəbdən Əfqanıstanda fəallığını artırmalı, Talibanla diplomatik əlaqələrdən qopmamalıdır”.

Gununsesi.info