“Azərbaycanın hazırda Ermənistanın mina terroruna qarşı mübarizəsi Fransız dairələrində görməzlikdən gəlinir” -Açıqlama

“Bir dövləti demokratik olaraq xarakterizə edən təməl ünsürlərdən biri həmin ölkədə fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, inkişafı və qorunmasıdır. Bu mənada, demokratik dövlət o dövlətdir ki, həmin dövlətdə söz, mətbuat və vicdan azadlığı da daxil olmaqla insan hüquqları maneəsiz təmin edilir və insanlar din, dil, mənşə, cins və s. kimi xüsusiyyətlərinə görə heç bir təzyiq və ayrı-seçkiliyə məruz qalmırlar.

Maraqlıdır ki, özünü demokratiyanın beşiyi hesab edən Fransa növbəti dəfə insan hüquqlarına qarşı hücumu ilə diqqət mərkəzindədir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Fransa müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın sırf Azərbaycanlı olduğu üçün və sırf Yeni Kaledoniya həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağı hədəflədiyi üçün məruz qaldığı mənəvi şiddət, həmçinin deportasiya edilməsi, sadəcə, Azərbaycanlı bir jurnalistə yox, eynilə də beynəlxalq səviyyədə formalaşmış  mətbuat azadlığı, söz azadlığı, jurnalistika immuniteti kimi keyfiyyətlərə də hücum olaraq qəbul edilməlidir.

Çünki, Avropa İnsan Haqları Bəyannaməsi dolayı yolla mətbuat azadlığını insanların söz azadlığının bir parçası olaraq qəbul edir. Görünür, bu instutun qərargahı Fransada yerləşsə də, Fransanın mövcud rəhbərliyi sözügedən bəyannamədən xəbərsizdir”.

 

Bunu Ölkə.Az-a açıqlamasında deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovanın məqsədi Yeni Kaledoniya xalqının azadlıq uğrundakı mübarizəsini işıqlandırmaq və Azərbaycan izləyici də daxil olmaqla, bütün dünyanın diqqətinə çatdırmaqdan ibarət idi. “Bəs necə olur ki, Azərbaycanın daxili məsələlərinə hər məqamda müdaxilə etməyə çalışmağa adət etmiş Fransanın timsalında XXI əsrdə dünyada hələ də müstəmləkə fəlsəfəsi öz varlığını qoruyub saxlaya bilir? Necə olur ki, Yeni Kaledoniyada, eləcə də Korsikada insanlar hələ də azadlıq şüarları atarkən, milli kimlikləri Fransanın düşünülmüş və sistematik siyasəti nəticəsində yox olmaq təhlükəsilə ilə qarşı-qarşıya ikən, Fransada rəsmi dairələr Azərbaycanın yaxın keçmişində terror-separatist yuvasına qarşı addımlarını hətta “etnik təmizlik” olaraq xarakterizə edir?”, – o qeyd edib.

Deputat əlavə edib ki, azərbaycanlı jurnalistin qanunsuz immiqrantlarla birlikdə hava limanında saxlanması və arzu olunmaz şəxs olaraq deportasiya edilməsi Fransanın həm ölkəmizə, həm də insan haqlarına qarşı qərəzli mövqeyinin məhsuludur:

“Siyasi rakursda Korsikanı hər fürsətdə separatizmlə ittiham edən Fransanın erməni terroru və separatizminə vermiş olduğu dəstək və insan haqlarına qarşı “seçicilik” Emmanuel Makron dönəmində özünün pik həddini yaşamaqdadır.

Nəzərə almaq lazımdır ki, E.Makronun 2017-ci ildə ilk dəfə prezident seçilməsi həm Fransada, həm də qlobal miqyasda ümid yaratmışdı.

Nəticədə Fransa Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa İttifaqı, NATO kimi təşkilatların aparıcı dövlətlərindəndir və prezident olaraq gənc kadrın seçilməsi yeni dönəmdə Fransanın beynəlxalq münasibətlərində daha aktiv  və produktiv siyasət apara biləcəyini göstərirdi.

Lakin, cəmi 1 il keçməmiş Fransada özünü göstərən “sarı jiletlilər” hərəkatı Fransada artıq mövcud idarəyə qarşı narazılığın yarandığını göstərirdi.

E.Makronun xarici siyasət kursunda isə böhtan kompaniyaları və əsassız iddialarının nəticəsində həm Azərbaycanla münasibətlərdə gərginlik süni şəkildə artırıldı, həm də Fransa özünü xarici siyasət relsindən çıxarıldı.

Bunun nəticəsidir ki, cənab Prezident İlham Əliyevin çıxışı ilə Azərbaycan Fransaya qarşısında Ermənistan yox, müstəqil dövlətçiliyə malik bir dövlət olduğunu xatırlatdı və Fransa “vasitəçi” rolundan kənarlaşdırıldı.

E.Makronun beynəlxalq səviyyədə Azərbaycan torpağı olaraq tanınan Qarabağ haqqında danışarkən Azərbaycanın Qarabağı işğal etdiyini bildirməsi bu şəxsin Fransanın son 30 ildəki vasitəçi rolu və siyasətindən də xəbərsiz olduğunu göstərir.

Fransa prezidenti E.Makron açıq şəkildə Azərbaycanın qələbəsindən və müəllifi olduğu reallıqlardan narahatdır. Çünki, Ermənistan və erməni lobbisi narahatdır. Ermənistan son illərdə özünün milli dövlətçiliyini aşan xarici siyasi məqsədlərini Fransadakı lobbi fəaliiyətləri ilə bu ölkə üzərindən reallaşdırmağa çalışır.

Beləcə, E.Makron erməni lobbisinin yön verdiyi siyasi fiqur təsirini bağışlayır. Çünki, Azərbaycan və Fransa arasındakı münasibətlərdə ikitərəfli münasibətləri hazırki gərgin səviyyəyə gətirib çıxaracaq başqa əsaslı detal tapmaq çətindir. Gərginliyin bütün məsuliyyəti isə Fransanın rəsmi dairələrinin əsassız böhtanvari fikir və bəyənatlarının üzərinə düşməkdədir.

Fransanın xarici işlər naziri K.Kalonnanın Yerevana səfəri zamanı verdiyi açıqlamalar isə Fransanın regionla bağlı əsl məqsədini ortaya qoydu: Ermənistanla hərbi yardım haqqında sazişin bağlanması. Sonrakı mərhələdə  Fransız istehsalı olan, hətta Ukraynanın imtina etdiyi bəzi “hücum” silahlarının Ermənistana verilməsi ilə bağlı  fikirlərin artıq Fransa üçün tələb səciyyəsi daşımağa başlaması Fransanın regionda sülh istəmədiyini, tam əksinə Ermənistanın, dolayısı ilə də Fransanın üstünlüyünə gətirib çıxaracaq yeni müharibə axtarışında olduğunu göstərir.

30 il ərzində 1 milyona yaxın qaçqın və köçkün problemi və işğal, separatizm ilə mübarizə aparmış Azərbaycanın hazırda Ermənistanın mina terroruna qarşı mübarizəsi Fransız dairələrində görməzlikdən gəlinir. Hətta göz yumanlar ölkəmizə qarşı böhtanlarla çıxış edərək, özlərini sanki dünya erməniliyinin hamisi olaraq təqdim etməyə çalışırlar.

Fransaya bu məqamda xatırlatmaq lazımdır ki, siyasi maraqları naminə digər dövlətlərin daxili işlərinə qarışmaq 1648-ci il Vestfaliya müqaviləsindən etibarən formalaşmaqda olan sistemin arzuolunmaz ünsürlərindən biridir. Xüsusilə də, müstəmləkə tarixi və hazırki müstəmləkə siyasəti nəzərə alındıqda Fransa Prezidentinin diqqətini erməni lobbisinin ehtiyacları və Azərbaycanın daxili işlərinə qarışmağa verməsindən daha önəmli vəzifələri var: həm fransız xalqı qarşısında, həm də beynəlxalq sülh və təhlükəsizlik adına bütün dünya qarşısında.

Bu xatırlatma isə əminik ki, Makron üçün ilk olmayacaqdır. Xatırlatmaq istərdim ki, Makronun Konqo səfəri zamanı bu ölkənin prezidenti Makrona 1994-cü il Ruanda soyqırımını xatırladaraq, Fransanın buyurqan rəftarından əl çəkməli olduğunu bildirmişdi. Eynilə digər bir Afrika ölkəsi olan Malidə bir tələbənin Makrona xitabən “Afrika olmasaydı Fransa da olmazdı” xatırlatmasını da qeyd etməliyik.

Əlavə olaraq, İtaliyanın Baş naziri G.Meloninin “bizə dərs verməyə çalışma Makron! Çünki, Afrikalılar sənin siyasətinə görə ölkələrini tərk etmək məcburiyyətində qalır” xatırlatması isə ümumiyyətlə söhbətin məğzilə üst-üstə düşür. Makronun xarici siyasətinə qarşı fransız itcimaiyyətində olan mövqeni isə Fransanın dövlət radiosunun beynəlxalq yayım rəhbərinin sözləri ilə ifadə etmək olar: “Şimali Afrikadakı xaosun səbəbkarı Fransadır və səssiz qalmalı bir paytaxt varsa Parisdir”.

Azərbaycan beynəlxalq hüququn müstəqil subyekti olaraq müstəmləkə və kolonizasiya siyasətinə qarşı münasibətini Qoşulmama Hərəkatı konteksində də nümayiş etdirməkdədir. Emanuel Makron dönəmində Fransa hər nə qədər xarici siyasi relsindən kənarlaşsa da, Azərbaycan Respublikası sülh və təhlükəsizlik adına regionda daimi sülhə nail olmaq uğrundakı mübarizəsini əzmlə və qərarlılıqla davam etdirməkdədir”.

 

 

Gununsesi.info