Azərbaycanın iki cüdoçusu “Böyük Dəbilqə”də medal görüşünə çıxacaq

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışında Azərbaycanın iki idmançısı bürünc medal yarışına çıxacaq.

Gununsesi.info xəbər verir ki, bunlar Orxan Səfərovla Nicat Şıxəlizadədir.

HTML tutorial

66 kq çəki dərəcəsində Olimpiadaya getməyə namizəd olan iki idmançı 1/4 finalda bir-biri ilə qarşılaşıb. Nicat Avropa çempionumuz Orxanı ippona salıb.

Lakin Nicat Şıxəlizadə yarımfinalda yaponiyalı ikiqat dünya çempionu Hifumi Abeyə vaza-ari xalı ilə uduzub. O, bürünc medal üçün dünya və Avropa mükafatçısı Kilyan Le Bluşla (Fransa) qarşılaşacaq.

Orxan Səfərov isə təsəlliverici yarışda Qreqq Variyə (Böyük Britaniya) qalib gəlib. O, bürünc medal uğrunda görüşdə Murad Çopanovla (Rusiya) görüşəcək.

Digər iştirakçılarımız – Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Leyla Əliyeva, Aişə Qurbanlı (-48 kq) və Gültac Məmmədəliyeva (-52 kq) mübarizəni erkən başa vuraraq medalsız qalıb.

Gununsesi.info