Azərbaycanın işğaldan azad edilmiş hansısa məntəqəsinə qaz verilirmi? -Rəsmi cavab

  • By admin
  • 30 Mart 2022 14:59
“Əgər Azərbaycan hökuməti Şuşa və Ağdama belə, təbii qaz vermirsə, Qarabağdakı ermənilər hansı mənəvi haqq və hüquqi əsasla dünyaya Azərbaycanın guya onların qazını kəsməsindən şikayət edirlər?..”
Martın əvvəlindən bəri Qarabağ torpağımızın müvəqqəti olaraq Rusiya “sülhməramlı” kontingentinin nəzarətində olan hissəsində məskunlaşmış haylar qazlarının kəsilməsi ilə bağlı şivən qaldırmaqdaydılar.
Bəs görəsən, Azərbaycanın 44 günlük müzəffər savaşımız sayəsində işğal azad etdiyi digər Qarabağ və Şərqi Zəngəzur torpaqlarındakı hansısa məntəqəyə mavi yanacaq verilirmi?
Azərbaycan Dövlət Neft Şirkətinin (“SOCAR”) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev mövzu ilə bağlı Moderator.az əməkdaşının sualını belə cavablandırıb:
“Hazırda heç  Şuşada da qazlaşma yoxdur.  Ən yaxın olaraq hələlik Şuşa və Ağdamın qazlaşdırılması nəzərdə tutulub.  Bu istiqamətdə paylayıcı qaz xətləri çəkiləcək və ondan sonra həmin məntəqələrə təbii qaz ötürüləcək.  Amma bu işlərin konkret nə vaxt başlanacağı haqda hələlik rəsmi bir qərar yoxdur”.
“Zəngilanda yeni salınan və “Ağıllı kənd” layihəsinin reallaşdırıldığı Zəngilan rayonunun Ağalı kəndinə də qaz verilmir?” sualına isə “Azəriqaz” rəsmisi “Bəli. Hələlik 44 günlük müharibədə azad olunmuş heç bir məntəqəmizə qaz verilmir” cavabını verib.
Xatırladaq ki, bu il fevralın 18-də ”Azəriqaz”ın Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov mediaya açıqlamasında  “Hazırda Zəngilan rayonu istiqamətində böyük tutumlu magistral qaz kəmərinin çəkilişi layihələndirilir. Bu kəmər çəkildikdən sonra Ağalı kəndi  dəqazlaşdırılacaq”, – deyə bildirib.
Zəruri sual:
Əgər Azərbaycan hökuməti hələlik bilavasitə dövlətimizin yurisdiksiyasına keçmiş və ordumuzun birbaşa nəzarətindən olan ərazilərimizə, o cümlədən Xankəndinə yaxın olan Şuşa və Ağdama belə, təbii qaz vermirsə, onda 30 illik işğal dövründə həmin torpaqlarımızda əvvəllər əksərən qazlaşdırılmış məntəqələrdə yaşamış 1 milyona yaxın insanımızı qətliamlara uğradan,  rahat ocaqlarından didərgin salan, ərazinin bütün infrastrukturunu, o cümlədən qaz xətlərini vuran qoymuş və bu günədək Qarabağ torpaqlarımızda qanunsuz məskunlaşmış ermənilər hansı mənəvi haqq və hüquqi əsasla dünyaya Azərbaycanın guya onların qazını kəsməsindən şikayət edirlər?
Sultan.Laçin
Gununsesi.info