Azərbaycanın mədəni irsi dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdim olundu- FOTOLAR

Azərbaycanın mədəni irsi dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində təqdim olundu

Azərbaycanın mədəni irsi dünyaca məşhur olan Metropoliten İncəsənət Muzeyində ilk dəfə olaraq təqdim olundu.

Gununsesi.info xəbər verir ki, 5 yanvar 2018-ci il tarixdə Amerikanın Nyu-York şəhərində yerləşən dünyaca məşhur Metropoliten İncəsənət Muzeyində ilk dəfə olaraq gözəl bir başlanğıca start verildi.

Belə ki, Azərbaycanın mədəni irsi ilk dəfə geniş auditoriyaya təqdim olundu. Azərbaycan mədəniyyətinin uğurlu səhifələrindən birinə çevrilən bu hadisə xalça sənətimizə həsr edildi.

Qeyd edək ki, sözügedən möhtəşəm tədbirin iştirakçıları Əməkdar Mədəniyyət işçisi, “Şöhrət ordenli”, ”Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya xanım Tağıyevanın ingilis dilinə tərcümə olunmuş “Azərbaycan Xalçası” Ensiklopediyasının təqdimatına şahidlik etdilər.

Təqdimat Muzeyin Toxuculuq Məmulatlarının Konservasiyası Departamenti tərəfindən təşkil edilmiş “Qış-2018” Simpoziumu çərçivəsində keçirildi və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Röya xanım Tağıyevanın “Azərbaycan xalçası ənənələri” mövzusunda məruzəsi ilə müşayiət olundu. Məruzədə 2010-cu ildə YUNESKO-nun Ümumdünya İrsinin bir hissəsi elan edilmiş Azərbaycan xalçasının əsas inkişaf mərhələləri, özünəməxsusluğu və özünəxas xüsusiyyətləri əhatə olunmuşdu.

Soyuq qış günündə okeanın o tayına özünəməxsus istilik, gözəllik, rahatlıq və rəngarənglik gətirən incəsənətimizin təqdimatında Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təmsilçiləri, Azərbaycanın ABŞ səfirliyindən nümayəndələr iştirak etdilər.

  1. Auditoriya təsəvvür etmirdi:

Auditoriya Azərbaycan xalça sənətinin minillik inkişaf tarixinə malik müstəqil fenomen kimi, bu gün Azərbaycan incəsənətinin ayrılmaz hissəsi olduğunu təsəvvür etmirdi.

Azərbaycan xalçasının əzəldən işlənmiş özünəməxsus təsviri dili, təsvir qaydaları sistemi, onun Azərbaycan mədəniyyətinə məxsusluğunu müəyyən edən forma quruluşu, rəngi mövcuddur.

  1. Orta əsr mənbələrində rast gəlinən Azərbaycanın müxtəlif bölgələrində toxunmuş xalçaların gözəlliyi və çoxcəhətliliyi haqqında valehedici iqtibaslar özü də bir etiraf idi.
  2. MET-in xüsusilə qiymətli olan XVII-XIX əsrlərə aid əjdahalı xalça kolleksiyasına sahib olduğu nəzərə alınarsa, bu xalçaların yaranması və inkişafının köklərində Böyük İpək Yolunun oynadığı rol böyük əhəmiyyət kəsb etdi. XIII əsrdə Azərbaycanı Çinlə sıx ticari-iqtisadi və mədəni əlaqələr bağlayırdı. Nəticədə, Azərbaycanın dekorativ-tətbiqi sənətində Çin motivləri: əjdahalar, Simurq quşu, buludlar və s. meydana gəldi.

Yerli bədii ənənələrə uyğunlaşdırılmış bu motivləri olan Azərbaycan xalçalarına, XIV-XV əsrlərdə italiyalı rəssamların freska və rəsm əsərlərində rast gəlinir. Xalçalar tək təsvir edilmir, onlar, eyni zamanda, bu əsərlərin ümumi üslubuna və rəng həllinə təsir göstərirdilər.

  1. Tarixi Azərbaycan ərazisində, Azərbaycan xalça ənənələri əsasında təşəkkül tapan, sonradan İranın digər xalçaçılıq mərkəzlərinə güclü təsir göstərən Səfəvi xalça mədəniyyəti haqqında məlumat da xüsusi marağa və təəccübə səbəb oldu.

XVI əsrin əvvəllərində Səfəvilər xanədanının paytaxtı – Təbriz nəhəng miniatür sənəti mərkəzinə çevrilir. Bu da, öz növbəsində, Təbriz xalçaçılıq məktəbinə böyük təsir göstərir.

O dövrün incilərinə Londonun Viktoriya və Albert Muzeyinin kolleksiyalarına daxil edilmiş “Şeyx Səfi” Təbriz xalçası və onun kolleksiyadan olan nüsxəsi aid edilir.

P.S. Əməkdar Mədəniyyət işçisi, “Şöhrət ordenli”, ”Azərbaycan Xalçaçıları” İctimai Birliyinin təsisçisi və sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya xanım Tağıyeva təəssüflə qeyd etdi ki, Azərbaycan mədəni irsi haqda məlumatsız idilər. 

Gununsesi.info

COMMENTS