Azərbaycanın Münxen konfransdakı iştirakı kifayət qədər uğurlu idi — Vahid Əhmədov

“Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk ciddi diplomatik sınağı fevralın 16-18-i arası keçirilən Münxen təhlükəsizlik konfransı oldu. Konfransda həm dövlət başçısı İlham Əliyev, eləcə də Ermənistan baş naziri Nikol Paşinyan bir sıra görüşlər keçirdi”.

Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycanın konfransdakı iştirakını kifayət qədər uğurlu adlandırmaq olar.

“Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən qalib lider kimi qarşılanan İlham Əliyev müxtəlif dövlət başçıları ilə keçirdiyi görüşlərdə yüksək hörmətlə qarşılanmış, danışıqlarda Azərbaycanın müəyyən etdiyi müzakirə sərhədləri gözlənilib. Fransanın, Azərbaycan və Ermənistan arasında keçirilən görüşdə iştirak etməsində israrına baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini bildirərək iştirakı istisna edib. İlham Əliyevin siyasi qətiyyəti sayəsində danışıqlar vasitəçisiz baş tutub və hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası barədə təlimatlar verilib.

Münxen konfransında Azərbaycan və Ermənistan arasındakı danışıqlardan kənarda qalan Fransa, tarix boyu olduğu kimi, yenə də öz məkrli siyasətinə davam edərək, qərəzli mövqe tutmağa və regionu qarışdırmaq cəhdlərinə davam etdi. Təsadüfi deyil ki, Münxen konfransının bitməsindən qısa müddət sonra Paşinyan Fransaya səfər etdi. Emmanuel Makron Nikol Paşinyanı qəbul edən zaman Azərbaycan əleyhinə bir sıra bəyanatlar verdi. Sərsəm açıqlamalarıyla gündəmə gələn Makron yenidən Fransanın Ermənistana dəstəyini ifadə edərək, qoşunların sərhəddən qarşılıqlı çəkilməsinə və Azərbaycanın Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şəraitin təmin edilməsi üçün addım atmalı olduğunu bildirdi. Bunun üçün ilk növbədə, Ermənistan 1980-ci illərin sonlarında öz ata-baba torpaqlarından qovulmuş minlərlə Azərbaycanlının geri qayıtması ilə bağlı öhdəlik götürməlidir Ermənistan isə bu məsələni Azərbaycanla müzakirə etmək istəməyərək ikili standart nümayiş etdirir. Ermənistanın qoşunların sərhəddən qarşılıqlı çəkilməsi ilə əlaqədar bəyanatı isə Rusiyanın maraqları ilə oxşarlıq təşkil edir. Hər iki ölkə Qafqazda hegemonluq iddiasındadır.

Ancaq heç bir dövlət unutmamalıdır ki, Azərbaycanın Türkiyə kimi güclü və qüdrətli müttəfiqi var. Dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də prezident seçkilərindən sonra ilk rəsmi səfərini Türkiyəyə etdi”,-deyə deputat bildirib.

 

 

Gununsesi.info