Azərbaycanın neft və qazı nə qədər azalıb? - ENERGETİKA NAZİRLİYİNİN HESABATI

  • By admin
  • 31 Yanvar 2018 14:30

2017-ci il ərzində respublikada 38,7 mln ton neft hasil edilib. Bu da ondan əvvəlki illə müqayisədə 2.3 milyon ton azdır. Hasil olunan neftin 28,9 mln tonu Azəri-Çıraq-Günəşlinin, 2,4 mln tonu “Şahdəniz”in (kondensat), 7,4 mln tonu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin payına düşür.

Gununsesi.info bunu Energetika Nazirliyinin 2017-ci ilə dair hesabatına əsasən xəbər verir.

Hasil olunan neftin 32,9 mln ton xarici bazara çıxarılıb. Qalan hissəsi daxili bazar üçün emal olunub.

Hesabata görə, Azərbaycan OPEC+ qarşısında götürdüyü öhdəliyə görə, Azərbaycan neft hasilatını gündəlik 35 min barel azaltmaqla, hasilat həcmini 834 min barel civarında saxlayıb. (Cədvəl. 1)

Hesabat dövründə respublikada 28,6 mlrd kub metr təbii qaz hasil edilib. Bu da 2016-cı illə müqayisədə 770 milyon m3 azdır. Hasil olunan təbii qazın 6,1 mlrd kub metri Dövlət Neft Şirkətinin, 12,3 mlrd kub metri Azəri-Çıraq-Günəşlinin, 10,2 mlrd kub metri “Şahdəniz”in payına düşür. Hazırda Azərbaycanda gündə təqribən 108,0 min ton neft və 82,0 mln kub metr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Ümid” və digər yataqlardan alınır. (Cədvəl 2.)

Ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qarşıya qoyulmuş vəzifə müvəffəqiyyətlə yerinə yetirilir, yeni qaz-basqı quyuları istismara verilir, mövcud quyularda təmir-bərpa işləri aparılır. Ölkənin təbii qazla fasiləsiz təminatında və ixrac imkanlarının genişləndirilməsində yeraltı qaz anbarlarının rolu böyükdür. Cari ildə 1,9 mlrd kub metr qaz yeraltı qaz anbarına vurulub.

Vüsalə

Gununsesi.info