Azərbaycanın qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı - Deputat

  • By admin
  • 27 Sentyabr 2023 11:15

Ordumuzun 27 sentyabrda erməni işğalına son vermək üçün başlatdığı və cəmi 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı tarix bir qələbə ilə nəticələnib düşməni ağır məğlubiyyətə düçar edib ağ bayraq qaldırmağa vadar etdi.

Bunu “Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində ordumuz torpaqlarımızı erməni işğalından azad edib, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi:

“Azərbaycan bayrağı işğaldan azad edilən bölgələrdə dalğalanmağa başladı. Azərbaycanın erməni işğalına son verməsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratmaqla yanaşı, bölgənin gələcək təhlükəsizlik arxitekturası, sabitliyi, inkişafı və əməkdşalığı baxımdan mühüm tarixi hadisə oldu. Azərbaycanın yaratdığı yeni reallıq nəticəsində bölgənin dayanıqlı inkişafı və sıx inteqrasiya olunmuş əməkdaşlığı istiqamətində yeni imkanlar yarandı və hazırda bu istiqamətdə genişmiqyaslı işlər görülməkdədir”.

N.Həmzəyev qeyd edib ki, qələbədən dərhal sonra Azərbaycan yeni reallığın tələblərinə uyğun olaraq geniş proqram tədbrilər planı hazırlayıb həyata keçirməkdədir. “Bu proqrama Ermənistanla sülh sazişin imzalanmasından tutmuş, əlaqələrin bərpa olunmasından, işğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpasından, inteqrasiya olunmuş regional əməkdaşlığı, bölgənin təhlükəsizliyini etibarlı şəkildə nəzərdə tutan layihələrin israsındək bütün məsələlər daxildir. Azərbaycan ötən bu üç ildə siyasətini bu istiqamətdə qurub və genişmiqyaslı layihələr icra etməkdədir”, – deyə o bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, hər zaman olduğu kimi, Ermənistan tərəfi ötən bu üç ildə tarixin acı dərslərindən nəticə çıxarmayaraq Azərbaycanın uzatdığı sülh əlini sıxmaqdan yayındı:

“Ermənistan hesab etdi ki, havadarlarının dəstəyi ilə yenidən vəziyyəti öz xeyrinə dəyişib revanşist siyasətini davam etdirə biləcək. Amma yanıldı. Azərbaycanın ermənilərin revanşist hərəkətlərini yerindəcə başını əzəcəyi ilə bağlı xəbərdarlığından lazımı dərslər çıxarmadılar. Ötən üç ildə ermənilər dəfələrlə belə cəhd etdilər və “Dəmir yumruq” həmən işə düşüb, onların təxribatının qarşısını həmən aldı və düşmənə ağır məğlubiyyətlər yaşatdı. Onlar yenə də Azərbaycanın bu qətiyyətli hərəkətlərindən nəticə çıxara bilmədilər və təxribatlarını davam etdirdilər”.

Deputat bildirib ki, nəticədə 19 sentyabrda uğurla və ən qısa zaman ərzində həyata keçirdiyi lokal antiterror tədbirləri ilə düşməni ağır məğlubiyyətə məcbur edib, “ağ bayraq” qaldırmağa və kapitulyasiyaya məcbur etdi.

“Düşmən Bakının bütün şərtlərini qəbul etməli oldu. Bununla da Azərbaycan bütün ərazisində öz suveren hüquqlarını bərpa etdi. Hazırda isə Qarabağda yaşayan erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır. Əminəm ki, Azərbaycan Prezidentinin yürütdüyü müdrik, qətiyyətli siyasəti nəticəsində erməni icmasının inteqrasiya prosesi də qısa zamanda uğurla nəticələnəcək.

Ermənistan tərəfi də bundan nəticə çıxarıb Bakının şərtləri əsasında sülh imzalasa yaxşı olar və bundan qazancla çıxa bilər”, – deyə o yekunlaşdırıb.

 

 

Şəbnəm Rəhimova
Gununsesi.info