Azərbaycanın xarici ticarəti tənəzzül yaşayır -EKSPERT RƏYLƏRİ

  • By admin
  • 17 Yanvar 2017 14:40

XARİCİ

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 2015-v ilə nisbətən təqribən 20 faiz azalıb.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal  8.5 milyard dollar təşkil etməklə 7.4 faiz, ixrac isə 9.1 milyard dollar olmaqla 28.1 faiz azalıb.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, 2016-cı ildə 610,8 milyon dollarlıq profisit yaranıb, yəni ixrac idxalı üstələyib: “Qeyri-neft ixracı 2015-ə nisbətən 27,6%-ə yaxın azalsa da ümumi ixracda payını 13.7%-ə yüksəldib. Səbəb, əlbəttə, neft ixracının daha çox – 29,1% azalmasıdır”.

samir

Onun sözlərinə görə,  ixracda bəzi mal qruplarında artım, bəzilərində azalma olub: “ Meyvə-tərəvəz (19,5%), pambıq ipliyi (25,18%), qara metallar və onlardan hazırlanan məmulatlar (177%), alüminium və ondan hazırlanan məmulatlar (13,8%) baş verib. Bundan başqa çay 67,3%, bitki və heyvan mənşəli piylər və yağlar 88,8%, şəkər 70,7%, spirtli və spirtsiz içkilər 37,5%, plastmassa və onlardan hazırlanan məmulatlar 12% azalıb”.

İqtisadçı ixracın strukturuna diqqət yetirərək  qeyd edir ki, artım bir qayda olaraq yerli xam mala əsaslanan məhsullarda baş verib: “Meyvə-tərəvəz, pambıq ipliyi, qara metal və alüminium məmulatları bu qəbildəndir.Ancaq çay, şəkər, spirtli və spirtsiz içkilər kimi xarici xammala əsaslanan məhsullarımızın ixracı azalıb. Səbəb milli valyutanın ucuzlaşması səbəbindən xaricdən gətirilən xammalın bahalaşmasıdır. Bu bahalaşma istehsal olunan son məhsulun maya dəyərini artırır və ixracın qiymət baxımından rəqabət qabiliyyətini azaldır.

Gömrük Komitəsinin məlumatına görə, şəkər 2015-ci ildə hər kq-ı 96 sentə ixrac olunduğu halda, 2016-cı ildə 572,4 dollara ixrac olunub. Halbuki FAO-nun məlumatına görə, 2016-cı ildə dünya bazarlarında şəkərin qiyməti 2015-ci illə müqayisədə 34.2% artıb. Oxşar vəziyyət bitki və heyvan mənşəli piylər və yağlarda yaranıb. Bu mal qrupunun orta ixrac dəyəri hər kq 2 dollardan 1.1 dollara düşüb. Çay ixracının orta dəyəri isə əksinə hər kq üçün 4.6 dollardan 5,4 dollara yüksəlib”.

Digər iqtisadçı Rövşən Ağayev isə deyir ki, ötən ilin idxalında təxminən 700 mln. dollar (7.6%) azalma var: “ İdxaldakı azalma, əsasən, dövlət sektoru ilə bağlı olub – bu sektor üzrə idxalın həcmi 400 mln. dollar ixtisara düşüb.

rovsen

İdxalla bağlı diqqətçəkən başqa bir məqam: minik avtomobillərinin idxalı 4.5 dəfəyədək azalaraq təxminən 23.8 min ədəddən 5 min ədədə enib.

İxrac daha çox azalıb – təxminən 2.3 mlrd. dollar (20%)”.

R.Ağayev  qeyd edir ki,  xarici ticarət balansında 610 mln dollarlıq profisitin yaranması 2007-ci ildən sonra ən aşağı göstəricidi: “2008-2014-cü illərdə xarici ticarət balansının profisti əksər illərdə 10 mlrd. dolların üzərində olub. Yalnız 2015-ci ildə nefti qiymətinin kəskin ucuzlaşmasından sonra həmin göstərici 2.2 mlrd. USD-yə enmişdi. Qeyri-neft ixracı 1.258 mlrd. USD olub – ümumi ixracın 13.7%-i.  Qeyri-neft ixracının həcmi 2015-ə nisbətən 28%-ə yaxın azalıb.

Bu statistikanın analizi göstərir ki, 2016-cı il idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması kimi hədəflər hələ ki, yaxın perspektivdə üfüqdə də görünmür”.

“Uzun illər Azərbaycanda makroiqtisadi sabitliyin, manatın məzənnəsinin qorunması məhz ticarət balansının irihəcmli profisiti sayəsində mümkün olub. Əmtəə ixracından qazanılan böyük həcmli valyuta vəsaitləri həm ölkənin xidmət balansında, həm də maliyyə hesabında böyük məbləğdə kəsiri qapadırdı.

Hazırkı vəziyyətdə ölkənin ticarət balansının saldosunda profisitin 10 dəfələrlə kiçilməsi həm cari hesablar, həm də tədiyyə balansının ümumi saldosunun defisitə keçməsi ilə nəticələnib. Nə qədər ki, bu defisit var, valyuta bazarında sabitlik gözləməyin-deyə iqtisadçı bildirir.

Vüsalə Rüstəmova

Gununsesi.info