Azərbaycanın yeni Təhsil naziri kimdir?

Azərbaycanın yeni təyin olunan Təhsil naziri Emin Əmrullayevin tərcümeyi-halı açıqlanıb.

Gununsesi.org xəbər verir ki, E.Əmrullayev 1982-ci ildə anadan olub.

1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.

Ailəlidir, 2 övladı var.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla E.Əmrullayev Təhsil naziri təyin edilib.

 

 

Gununsesi.org