ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı növbəti illik hesabatının Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət məqamlara yer verilib.
Gununsesi.info Apa-ya istinadən xəbər verir ki, bunu sayta açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, hesabatın qeyri-obyektivliyinə dəlalət edən bir çox amillər olsa da, ən vacib məqam hesabatın Azərbaycana aid hissəsinin dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan və onun komandası tərəfindən tərtib olunmasıdır. Onun sözlərinə görə, Azərbaycanla bağlı hesabatın Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olmuş, daim ermənipərəst mövqeyi və fəaliyyətiylə yadda qalmış Daniela Aşbaxyana həvalə olunması bir daha əsas niyyəti ortaya qoyur. Digər tərəfdən, hesabat dini azadlıqların vəziyyəti barədə olsa da, dinlə heç bir əlaqəsi olmayan məsələlərin qeyd olunması bir daha hesabatın siyasi məqsədi ehtiva etdiyini sübuta yetirir: “Ermənistan 30 illik işğal dövründə Qarabağdakı 60-dan artıq məscidi, dini-mədəni obyektləri darmadağın edib. Biz postmüharibə dövründə beynəlxalq mətbuatı və ictimaiyyəti bu vəhşilikləri əyani görmələri üçün dəfələrlə Qarabağa səfərə dəvət etdik. Hətta Ağdamı görənlər şokda idi. Lakin ABŞ Dövlət Departamenti 30 illik işğal dövründə bir dəfə də olsun dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında bu faktları qeyd etməyib. Dövlətimiz üçün bu sənəd sadəcə kağız parçasıdır. Vaşinqton bu günə qədər belə qərəzli sənədlər, hesabatlar tərtib edib, bundan sonra da etməyə davam edəcək. Lakin reallığın necə olduğu hər kəsə, o cümlədən ölkəmizlə bağlı məlumatı olan xarici tərəfdaşlarımıza yaxşı bəllidir”.
Gununsesi.info