Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması zamanıdır

  • By ilhame
  • 07 Dekabr 2023 22:41

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə əldə olunan razılığı çox əhəmiyyətli və təqdirəlayiq hadisə hesab edir.

Gununsesi.info xəbər verir ki, mətbuata açıqlamasında deputat qeyd edib ki, iki ölkə arasında müharibə başa çatıb və indi qarşılıqlı etimad yaratmaq, qonşuluq münasibətlərindən başlayaraq sülhün əldə olunması zamanıdır:

“Azərbaycandan 32 erməni hərbçisinin azad olunacağı halda Ermənistandakı 2 əsgərimiz azad olunacaq. Dövlətimizin bu addımı ölkə başçımız üçün hətta bir əsgərimizin həyatının qarşı tərəfinin onlarla əsgərindən daha artıq olduğunun göstəricidir. Prezident hər zaman əsgər anaların yanındadır və Ermənistan tərəfində əsirlikdə olan hər bir əsgərin taleyini hamıdan çox düşünür. Bu, ölkə başçısının hər bir vətəndaşının Prezidenti olduğunu bir daha təsdiq edir”.

A.Badamov söyləyib ki, razılaşma kənar vasitəçilərin iştirakı olmadan birbaşa Azərbaycan Respublikasının Prezidentinin Administirasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılan danışıqlar sayəsində əldə olıunub: “İkitərəfli danışıqlarla razılaşmanın əldə olunması ölkələrimiz arasında sülh danışıqları prosesində də kənar iştirakçıların iştirakı olmadan razılaşmalara nail olunacağına inamı artırır. Bu gün Azərbaycan öz ərazilərində suverenliyini təsdiq edib, Ermənistan da ərazilərimizin bütövlüyünü tanıdığını bəyan etdiyindən dövlətlərarası münasibətlərin sülh və əməkaşlığa keçilməsi üçün yeni imkanlar yaranmışdır. Beləlikə, bu gün hərbçilərin qarşılıqlı dəyişilməsi ilə bağlı vasitəçilərin iştirakı olmadan razılığın əldə olunması Azərbaycanla Ermənistan arasında münasibətlərin formalşmasında yeni bir səhifənin açıldığını hesab edirəm”.

Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Gununsesi.info