Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılacağı gözlənilir

  • By admin
  • 03 İyul 2023 13:09

“İyulun 22-dən Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılacağı gözlənilir”.

Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin bazar ertəsi “Trend”ə verdiyi məlumata görə, aviareys iki ölkənin paytaxtını – Bakı və Bişkeki birləşdirəcək.

“Səfirliyimizin təşkilati dəstəyi ilə aviareysin işə düşməsi ilə əlaqədar birgə fəaliyyətə dair müvafiq saziş “Fly Khiva Group” aviaşirkətinin rəhbəri Dilşod Xocayev və Azərbaycanda Qırğızıstan Ticarət Evinin təsisçisi Zəfər Məmmədov tərəfindən imzalanıb”, – deyə səfir qeyd edib.

O, reysin artıq anons edildiyini və bu marşrutla ilk sərnişin daşımalarının iyulun 22-də həyata keçiriləcəyini bildirib.

Cədvələ əsasən, reyslər həftədə bir dəfə olmaqla şənbə günləri həyata keçiriləcək. Bakıdan uçuş saat 22:00-da (GMT+4), Bişkekə eniş isə saat 02:35-də (GMT+6) baş tutacaq. Uçuş müddəti 2 saat 35 dəqiqə olacaq. Təyyarə əks istiqamətdə saat 03:35-də (GMT+6) yola düşməklə Bakıya saat 04:45-də (GMT+4) enəcək. Uçuş müddəti 3 saat 10 dəqiqə olacaq.

Gununsesi.info