Azərbaycanla ÜGT arasında əlaqələr yüksək səviyyədədir

  • By admin
  • 20 Sentyabr 2016 14:44

aydin

Sentyabrın 20-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Potensialın Gücləndirilməsi İdarəsinin direktor müavini xanım Brenda Mundianı və ÜGT-nin Ticarətin sadələşdirilməsinin tətbiqi proqramının koordinatoru Coanna Torstromu qəbul edib.

HTML tutorial

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, qonaqları salamlayan A. Əliyev müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə ÜGT ilə qarşılıqlı əlaqələrinə toxunmuş, əməkdaşlığın hazırkı vəziyyətindən razılıqla söhbət açıb. Artıq ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, eləcə də ÜGT-nin Regional Tədris və Kinoloji mərkəzlərinin, Potensialın gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdıran komitə sədri gələcəkdə də bu cür tədbirlərin respublikamızda keçiriləcəyinə ümidvar olduğunu bildirib, qarşılıqlı əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

A. Əliyev 25 yaşı tamam olacaq müstəqil Azərbaycan gömrüyünün artıq təkmil bir struktura çevrildiyini diqqətə çatdırıb, gömrük sistemində kadr potensialının gücləndirilməsi ilə bağlı məsələlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

DGK sədri Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) və komitənin birgə təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlərin məhz Azərbaycanda keçirildiyini, təşkilatın Bakıda ofisinin də fəaliyyət göstərdiyini bildirib, ümumiyyətlə gələcəkdə bu kimi tədbirlərin gerçəkləşməsində ÜGT-nin də dəstəyini vacib bir amil kimi xarakterizə edib.

Son dövrlər ərzində Azərbaycan gömrük xidmətinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirdiyi uğurlu əməliyyatlardan da söhbət açan A. Əliyev mübarizənin effektivliyinin daha da artırılmasında qarşılıqlı əməkdaşlığın vacibliyini qeyd edib, ÜGT-nin təşkilatçılığı ilə region dövlətləri üçün seminarların keçirilməsinin zəruriliyini vurğulayıb.
Təmsil etdikləri təşkilatda DGK-nin fəal rolunu yüksək qiymətləndirən B. Mundia ÜGT ilə respublikamızın gömrük sistemi arasında əlaqələrin müsbət məcrada inkişafından razılıqlarını ifadə edib, ÜGT-nin Azərbaycanda mövcud olan mərkəzlərinin və ofisinin fəaliyyətinin səmərəliliyinin daha da artırılması ilə bağlı gələcək perspektivlərdən söhbət açıb.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Anar

Gununsesi.info