Azərbaycanlı alim: “İnsanlar “AstraZeneca” peyvəndindən qorxmamalıdır” – FOTO

  • By admin
  • 19 Mart 2021 11:53

Məlum olduğu kimi, martın əvvəlində Baş nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, İsveç Krallığının “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksini Azərbaycan idxal ediləcək. Bəzi ölkələr sözügedən vaksinin alınmasından ötən günlərdə imtina etsələr də, dünən yenidən istifadə edəcəklərini bildiriblər.

Bu isə cəmiyyətdə bəzi sualların yaranmasına səbəb olub. Bununla yanaşı artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Dərman Agentliyi də “AstraZeneca” peyvəndinin vurulmasını tövsiyyə edib.

Mövzu ilə əlaqədar olaraq Gununsesi.info-ya açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev bəzi məqamlara aydınlıq gətirib.

Azərbaycan hökumətinin vaksinasiya strategiyasına əsasən, növbəti mərhələdə “AstraZeneca”  peyvəndinin alınıb ölkəmizə gətirilməsi və istifadəsi ilə bağlı verdiyi qərardan danışan N.Abdullayev bunu doğru addım kimi dəyərləndirib:

“Bu doğru addımı biz də alqışlayırıq. Amma təəssüflər olsun ki, son günlər “AstraZeneca” ilə bağlı elmi əsası olmayan fikirlər yayılır və həmin peyvəndin insanların sağlamlığına göstərəcək müsbət təsirlərinə kölgə salmaq cəhdləri müşahidə olunur. Təbii ki, bu fikirlərin və yanaşmanın hamısının yanlış olduğunu elmi əsaslarla sübut etmək mümkündür”.

Azərbaycanlı alim bəzi ölkələrin “AstraZeneca”dan imtinasının səbəblərindən danışıb:

“Bu peyvəndin beyin damarlarında əmələ gətirdiyi müəyyən dəyişikliklərlə bağlı məlumatlar yayılandan sonra bütün bu halları yoxlayıb qərara gəlmək üçün müəyyən ölkələrdə “AstraZeneca”dan imtina edilib. Təəssüflər olsun ki, bu qərarda da tam elmi əsasın olmadığını araşdırmalardan görə bilərik. Məhz buna görə Azərbaycanda bu sahə ilə məşğul olan mütəxəssisləri və məsul şəxsləri Avropada bəzi ölkələrin “AstraZeneca”dan imtina qərarına qarşı öz fikirlərini deməyə çağırış etdim.

Çünki bu, həm dövlət, həm də cəmiyyət üçün çox önəmli bir məqam idi. Biz bilirik ki, hələ ilk vaxtlarda dünya mediasında Çin peyvəndinə kölgə salmaq cəhdləri müşahidə olunurdu və bu da insanlarımız arasında peyvəndə qarşı ciddi inamsızlıq yaradırdı. Cəmiyyətdə bu inamsızlığı biz artıq bu dəfə də müşahidə etməyə başlayırıq və bunun da fəsadları çox ağır ola bilər. Ona görə də düşünürəm ki, bəzi ölkələrin bu peyvənddən imtinasının səbəbləri insanlara tam izah olunmalıdır”.

Gununsesi.info