Azərbaycanlı diplomatların Fransa tərəfindən “persona non grata” elan olunması ucuz qisasçılıqdır

  • By ilhame
  • 27 Dekabr 2023 23:04

Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşının rəsmi Paris tərəfindən “persona non grata” elan olunması ucuz qisasçılıq məqsədi daşıyır və bu fakt üzrə digər hər hansı izahat yolverilməzdir.

 

Gununsesi.info xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

 

“Sirr deyil ki, Fransanın Yaxın Şərq, Mərkəzi Asiya, Şərqi Avropa və Cənubi Qafqazdakı qlobal təhdidə çevrilmiş agentura şəbəkəsinin məhz Azərbaycan xüsusi xidmət orqanları tərəfindən çökdürülməsi, Parisin 30 illik işğal, təcavüz və separatizmə dəstəyi fonunda regionda etimadı itirməsi, habelə Bakının Fransanın qəbul etmək istəmədiyi reallıqları daha da gücləndirməsi fonunda Fransa özünün başladığı “soyuq müharibə”də Bakıya rüsvayçı formada məğlub olub”, – deputat bildirib.

B.Məhərrəmov qeyd edib ki, Vətən müharibəsində və antiterror tədbirlərində hərb meydanında itirilən mövqelərin ardınca istər BMT Təhlükəsizlik Şurası, istər digər platformalarda fiaskosundan sonra da çirkin əməllərindən əl çəkməyən Fransanın ölkəmizdəki səfirliyinin 2 əməkdaşı məhz bu çərçivədə fəaliyyətə, daha dəqiqi, diplomatik statusa uyğun olmayan və “Diplomatik Əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən konkret əməllərinə görə Azərbaycan tərəfindən “persona non grata” elan edilərək ölkədən qovulub:

“Həmin diplomatlarla bağlı Azərbaycanın əlində Azərbaycan xalqının mənafelərini hədəfə alan təkzibolunmaz dəlillər var idi. Bəs Fransanın əlində hansı faktlar var? Əgər Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşlarının əməllərində Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən hər hansı pozuntu əlamətləri olsaydı, Paris bunu çoxdan car çəkərdi. Bu mənada, Fransanın cari həmləsi cavab xatirinə atılan ucuz addımdır və Parisin beynəlxalq hüquqla daban-dabana zidd olan davranışlarından doğan çoxsaylı problemlərin mövcud olduğu ikitərəfli münasibətləri daha da gərginləşdirir. Biz, təbii ki, mövcud situasiyadan məmnun deyilik, lakin Fransa ilə münasibətlərin bu həddə çatması bizim seçimimiz deyil. Afrika və Okeaniyadakı mövqelərini itirmək üzrə olan, Cənubi Qafqazda isə artıq maraqlarını, ümumiyyətlə, təmin etmək imkanından məhrum qalan Paris Azərbaycanın gücünü və əhəmiyyətini doğru qiymətləndirməməklə əslində özünü daha çətin duruma salacağının fərqinə varmalı, Bakı ilə ritorikasında çox diqqətli olmalıdır. Makron rejimi anlamalıdır ki, qarşısında sülh vasitəçiliyi adı altında illərlə riyakarcasına davrandığı 90-cı illərin zəif Azərbaycanı yox, bölgədə diqtə edən, əməkdaşlığı hədsiz fayda gətirən Azərbaycan var və münasibətlərin normallaşması Bakıdan çox çürük fransız rejiminin özünə lazımdır”.

 

Gununsesi.info