
“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda Gürcüstanın İctimai Televiziyası xəbər verib.
Belə ki, həbs edilən Fərman Ceyranlı GR CM-in 180-ci maddəsi ilə günahlandırılır.
GR CM-ə görə isə qeyd olunan maddə dələduzluq hesab edilir. Bu cinayət işində iki nəfərin adı keçir. Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyatı həyata keçirilib. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb.
Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək. Hazırda o Tiflisdə Baş Polis İdarəsinin müvəqqəti təcridxanasındadır.
Qeyd edək ki, Fərman Cahan oğlu Ceyranlı 1957-ci ildə Gürcüstanın Saqareco rayonunda anadan olub. 1974-cü Yor-Muğanlı kəndində orta məktəbi bitirib və elə həmin ildə də N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
1980-ci ildə institutu bitirib və sonra 1 saylı Tbilisi şəhər klinik xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib. 1985-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyası müdafiə edib.
10 il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib.
1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.
Gülnaz Qənbərli
Gununsesi.info