Azərbaycanlı milyarderdən Rusiyalı deputata DƏRS OLACAQ CAVAB: “Arzunuz gözünüzdə qalacaq…”

  • By arzu
  • 16 İyul 2020

Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov Azərbaycan-Ermənistan sərhəddində yaşanan gərginliklə bağlı fikirlərini bölüşüb.

Gununsesi.org xəbər verir ki, Sfera.az-ın məlumatına görə, azərbaycanlı milyarder Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin açıqlamalarına da münasibət bildirib:

“Son 72 saatda hamımız Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yaşanan yeni kəskinləşmənin şahidi olduq. Bununla əlaqədar, Konstantin Zatulinin 6 iyul tarixli açıqlamasına münasibət bildirmək istərdim.

Bu deputat 1993-cü ildən bəri demək olar ki, fasiləsiz olaraq Dövlət Dumasında oturmağı və bütün bu müddətdə MDB problemləri ilə məşğul olmağı ilə tanınır. Bu sahədə elə də çox uğur qazana bilməyib. Amma kifayət qədər qalmaqallı açıqlamalar verib. Bu dəfə çox danışmasa da, söylədikləri ilə bağlı şərhə ehtiyac var. Xüsusilə də indi. Əvvəla, qeyd edək ki, Zatulin hələ iyulun 6-da “münasibətlərin kəskinləşməsi” barədə danışıb. Yəni, münasibətlərin gerçək kəskinləşməsindən 6 gün əvvəl.

 

Amma şərh tələb edən əsas məqam onun reallığa qəribə münasibətidir. O, öz mövqeyini bildirmədən, N. Paşinyanın Dağlıq Qarabağın Ermənistanın, İ.Əliyevin isə Azərbaycanın ayrılmaz hissəsi olması barədə bəyanatlarını eyni müstəviyə qoyur. Axı bunlar fərqli bəyanatlardır. Bir də ki, K. Zatulin beynəlxalq qanunlara əsasən nəyin kimə məxsus olduğunu, nəyin isə güclə ələ keçirildiyini bilməlidir. Bundan sonra isə K. Zatulin artıq hamıya aydın olan məsələlərdən danışıb. Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində əməkdaşlıq edir, bu təşkilata üzv ölkələr isə bir-birinin ərazi bütövlüyünü qorumağa dair qarşılıqlı öhdəliklər daşıyır.

 

Normalda Zatulin sözügedən öhdəliklərin yalnız Ermənistanın milli ərazisinə şamil edildiyini və heç bir vəchlə Dağlıq Qarabağa aid olmadığını açıqlamalı idi. Bu arada, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğu dövrdə K.Zatulinin Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı narahat olduğunu nə isə heç xatırlamıram. Təbii ki, 450 deputatdan birinin açıqlaması bütünlüklə Rusiyanın dövlət siyasətini əks etdirmir.

Amma onun Ermənistan ərazisində yerləşən Rusiya hərbi bazasına istinad edərək Azərbaycanın ünvanına söylədiyi təhdid dolu çıxışının zamanlaması müəyyən fikirlərin meydana çıxmasına səbəb olur. Bununla belə, Rusiya tərəfi Azərbaycanda işğal olunmuş ərazilərlə təmas xətti və Ermənistanla sərhəd arasındakı fərqin gözəl bilindiyini anlayır. Yalnız ikinci halda Rusiya Ermənistanı qorumaq öhdəliyi daşıyır.

Qəribədir ki, Zatulin bu iki anlayışı qarışdırmaq qərarına gəldi. Təbii ki, o, bunu etməklə Ermənistanı təcavüz qurbanı kimi təqdim etmək məqsədi güdürdü. Bundan sonra isə dərhal onun söylədiyi kəskinləşmə baş verdi. İstər-istəməz belə qənaətə gəlirsən ki, o, hər şeyi əvvəlcədən bilirdi. İndi, iki həftədən sonra onun kimin dəyirmanına su tökdüyü hamınıza bəllidir. Əminəm ki, dövlət sərhəddində törədilən bu dəfəki təxribat, Dağlıq Qarabağdan fərqli olaraq, qəsdən və əvvəlcədən planlaşdırılan bir hərəkətdir.

Baş verənlərin və baş verəcək olayların bütün məsuliyyəti Ermənistan rəhbərliyinin işğalçı və təcavüzkar siyasətinin üzərinə düşür. KTMT-nin “avtomatik” reaksiyasına gəldikdə isə, necə deyərlər, “arzunuz gözünüzdə qalacaq.”.

 

Sərhəddə təxribat törətməklə heç nəyə nail olmayacaqsınız. Bütün şəhid analarına və atalarına dərin hüznlə baş sağlığı verirəm. Allah yaralı əsgərlərimizə şəfa versin. Bizim işimiz haqq işidir!”

Gununsesi.org