Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovun gəlini turizm biznesinə girib və varlılar üçün dünya turu təşkil edir.
Gununsesi.org virtualaz.org-a istinadən xəbər verir ki, Alisa Ələkbərovanın “President Travel” adlı turizm şirkəti müştərilərə “sensasion səyahət” vəd edir.
Belə ki, müştərilər üçün fərdi dünya turu təşkil edən şirkətin saytında istənilən zövqdə və ölçüdə lüks yaxta kirayələmək olar-uzunluğu 20 metrdən 100 metr və daha çox. Habelə müştərilərin xidmətinə vertolyotlar və özəl təyyarələr də təklif olunur ki, onlar bu hava nəqliyyatı vasitələri ilə birbaşa kirayələdikləri adalara uça bilərlər. Habelə müştərilərə yaşamaq üçün dəbdəbəli qəsrlər təklif olunur.
Lakin bütün bu dəbdəbəyə baxmayaraq şirkət ziyanla işləyir və deyəsən bu işdə neftdən fərqli olaraq böyük pullar yoxdur. 2018-ci ildə şirkətin hasilatı cəmi 3.3 milyon rubl olub. “President Travel” agentliyinin hüquqi şəxsi “NaKurorte” adlı şirkətdir. Bu şirkət hələ 2014-cü ildə yaradılıb, o vaxt Alisa hələ Ələkbərovun gəlini deyildi. Yusuf Ələkbərovla Alisa 2016-cı ildə evləniblər.