
Ukrayna Nazirlər Kabinetində Dövlət Maliyyə Xidmətinin rəisi Roman Nəsirovun tutduğu vəzifədən azad edilməsi haqqında qərar qəbul olunub.
Gununsesi.info xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna”ya məlumat yayıb.
Sözügedən qərarın hökumətin bugünkü iclasında qəbul olunduğu bildirilir.
“Biz dövlət komissiyasına Nəsirovun vəzifədən kənarlaşdırılması ilə bağlı təqdimat göndərmişik. Bu gün qərar qəbul olunacaq”, – deyə ölkənin baş naziri Vladimir Qroysman hökumət iclasında bildirib.
Qeyd edək ki, Ukrayna antikorrupsiya bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qriven (73 milyon dollar) ziyan vurmaqda şübhəli bilir. Ötən ilin martın 3-də Nazirlər Kabineti Nəsirovun vəzifəsinin icrasından uzaqlaşdırılması barədə tapşırıq verib. Dekabrın 7-dən isə məhkəmə onun işinə baxmağa başlayıb.
Gununsesi.info











