İsgəndər Məcid oğlu Həmidov oktyabr 1948-ci ildə Kəlbəcər rayonunda doğulub. Azərbaycan Respublikasının daxili işlər naziri olub. (1992-ci il may, 1993-cü il aprel). 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq hərəkatının liderlərindın biridir.
1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, “İstiqlal” qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətində azadlıqdan məhrum edilib. 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.
Sabiq məhkumun söhbəti:
“Quli ilə İsgəndər bəyin bir-birinə qarşılıqlı hörməti vardı. Deyim ki, İsgəndər bəy düzgün dustaq idi, məhkumlar arasında nüfuzlu idi. O, keçmişində poqon daşımasına görə oğru dünyasında yeri başqaydı. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi, çünki “kotyol”da “oğru mandatı” yox idi, amma kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt yeddi yüz məhkumu azadlığa buraxmışdı. İsgəndər bəyin olduğu korpusda heç kim karserə salınmırdı, sutka yatmırdı. O, məhkumları qoruyurdu.
Bir dəfə o gəlib gördü ki, bir tanınmış məhkumun ərzağı hədindən artıq çoxdur, bir adam bunları bir həftəyə yeyib qurtara bilməz, xarab edib zibilliyə atacaq. O, həmin ərzaqları götürüb ehtiyacı olanlara payladı. Həmin məhkum narazılıq etdi, dedi ki, bu hərəkətin adı nədir, məndən icazəsiz niyə belə ediblər. İsgəndər bəy ona cavab verdi ki: “Bəs necə olsun, adamlar orda acından ölürlər, sən burda ərzağı xarab edirsən”.
Bir dəfə də Qobustanda gəzintidə idik. O başa-bu başa addımlayırdıq. İsgəndər bəy Quliyə dedi ki: “filan kameraya 20 “şirvan” pul göndərdim, xəstələri var”. Quli dedi ki: “Niyə elə etmisiniz, bəy, axı ora “proqon” (təlimat) altındadır, ora “obyavka” olunmuş “qad”ların kamerasıdır”.
Anlaşıqlı olsun deyə qeyd edim ki, “obyavka” məhbusların statusunun bəyan edilməsidir. “Qad”lar isə hətta “üzdəniraq”lardan da aşağıdır. “Zon”dan ən alçaq, əclaf, yaramaz, ziyankar adamları “qad” adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz. Təsəvvür edin, “üzdəniraq”larla müəyyən ünsiyyətə girmək, məsələn, çay istəsələr, vermək olar, amma “qad”larla heç bir ünsiyyət olmaz. İsgəndər bəy də bunu bilə-bilə onlara pul göndərmişdi. Quli elə deyəndə, İsgəndər bəy cavab verdi ki: “Mənim üçün problem yoxdur, “poqon” olmuşam, “oğru” deyiləm. Amma adam xəstədirsə, onlara yardım etmək lazımdır, “qad” olsa da, olmasa da”. İsgəndər bəy belə adam idi.
Bəzən “bratva” kameraları aclıq aksiyaları keçirirdi. O zaman İsgəndər Həmidov da aksiyaya qoşulurdu, hətta siyasi kameralara da xəbər yollayırdı. Quli deyirdi ki: “Siz etməyin, yaşlı adamsınız”. İsgəndər bəy deyirdi ki: “Yox, mən də məhbusam və məhbusların hüquqlarından ötrü hər şeyə hazıram.
Yeri gəlmişkən, karser söhbətinə dair bir məsələni də deyim. Qaydadır, hər yerdə karserə salınanların başını sığallamırlar, günahı ciddidirsə, döyürlər. Quli məhkumların karserdə döyülməsinə qarşıydı. Bir dəfə Hikmətə gəlib demişdilər ki, karserdə adamları döyürlər. O da demişdi ki, burda nə təəccüblü iş var, karserdə məhkumu döyərlər də. Amma Quli qətiyyətlə buna qarşıydı, qoymurdu. Onun 6-cı “zon”a təzə gəldiyi vaxt idi. Bir gəncəli balasına sillə vurmuşdular. Quli əməliyyatçıları rəisin otağına yığıb dedi ki: “Ağıllı olun, bir daha belə şey eləməyin, deyərəm gəlib sizi gecə ilə evinizdən apararlar”.
Gununsesi.info