Azərbaycanlı oxucu ilə səmimi olmağın fəsadları

Azərbaycanlıların sevimli yazıçısı, şairi olmaq üçün, birinci şərt yazıçı-şairin ona əlçatan olmamasıdır. Hətta çox yaxşı yazıçı olmasan belə, əlçatan deyilsənsə, müəyyən müti azərbaycanlılar sənə mütləq hörmət edəcək.

Məhz əlçatan olmadıqda yazıçıya, şairə daha çox heyranlıq duyulur, rəğbət bəslənilir, hətta çəkinirlər də.

Çün, müti orta klassik azərbaycanlı oxucu sosial şəbəkədə aktiv olan yazıçı-şairlə elə danışır, elə xitab, ərk edir, elə bil, əsgər, tələbə, sinif yoldaşıdır.

Sözsüz, onlar nə qədər tərbiyəsiz olduğunun fərqində deyillər.

Məsələn, sosial şəbəkədə olan yazıçıdan əlavə hansısa müti oxucunun AYB sədri Anar, vəzifəsiz məmur Ramiz Rövşən, hətta varlığı ilə yoxluğu arasında heç bir fərq olmayan Çingiz Abdullayevdən belə nəsə tələb etdiyini görmək mümkün deyil.

Niyə? Çünki bu və adları çəkilməyən digər yazıçılar sosial şəbəkədə deyillər, daha dəqiq, sosial şəbəkədə olub da, onlarla səmimi mesajlaşmır, rəylərinə cavab vermir, layklarını da görmürlər.

Bu tip azərbaycanlılar məmurdan qorxduğu, qarşılarında əzildiyi kimi, vəzifəsi olan yazıçının da qarşısında süst qalır. Yalandan “səmimiyyət böyüklükdür, ali dəyərdir” deyilməyinə baxmaq lazım deyil. İstənilən məmur-yazıçıya olan münasibət mənzərəni daha aydın göstərir.

Məsələn, azərbaycanlıların sosial şəbəkədə aktiv olan yazıçıdan gözlədiyi mövqelərin hansı birini hansısa Xalq yazıçısından gözlədiyi görülüb?

Kim Ramiz Rövşənə, Anara, Çingiz Abdullayevə “Aə, yazıçı deyilsən? Mövqe bildir, sən ziyalısan, belə ziyalı olar? Yaltaq, satqın” kimi sözlər deyib?

Yoxsa, bu adamlar dissidentdir, xalqın dərdin yazıb, sözünü deyib, xəbərimiz yoxdur?!

Yoxsa, üzünə hər söz deyilən gənc, aktiv yazıçı saman altdan su yeridərək gün-güzəran qurub?

Səbəblər isə məlum. Azərbaycanlılarla səmimi olmaq baha başa gələ bilər.

“Üz verəndə astar istəmək” məsəli olsun, hal-qəziyyə də elə bu cürdür. Hətta o qədər əxlaqsız, ailə tərbiyəsi görməyən adamlar var, məhz əlçatandır deyə, yazıçıya hansısa fikri deməməyi də deyir.

Hansısa mövqe xoşuna gəlmədi? Deyir, “Adını da yazıçı qoymusan, bu nədi ağzına gələni yazırsan? Başqa şeydən yaz!”

Dünyanın hər yerində olmasan da, dünyanın heç bir yerində yazıçıya bu cür sifariş verilmədiyini dəqiq bilmək olur.

Bəlkə də, bu tendensiyanın qarşısını heç vaxt almaq olmayacaq. Sosial tərbiyəsizlər, mütilər yalın yazıçı ilə istədiyi cür danışacaq. Üstəlik,  həyasız insanlarla mübarizənin mümkün olmadığını nəzərə alsaq, vəziyyət daha da çətinləşir.

Amma nə etməli?

Əslində, bunun özü də bir taledi, mühitin, cəmiyyətin mənzərəsidir.

Onsuz da, aşağı-yuxarı azərbaycanlılar yazıçı-şairi həmişə zəif görüb və ya görmək istəyib.

Güclünün qarşısında da daim səsini kəsib.

 

Gununsesi.info