
ABŞ prezidenti Donald Tramp Suriyada kimyəvi silah işlədilməsindən sonra bu ölkəni cəzalandıracağı ilə bağlı verdiyi sözə əməl edərək bu gün Suriya ərazisindəki bir sıra hərbi obyektləri bombaladı. Trampın Suriyanı bombalama əmrindən sonra dünyada situaisiya yenidən gərginləşib. Trampın Suriyanı bombalaması və nəticədə Rusiyanı küncə sıxışdırıb-sıxışdırmayacağı ilə bağlı azərbaycanlı politoloqların mövqeyini öyrənməyə çalışdıq.
Deputat Asim Mollazadə Gununsesi.info-ya açıqlamasında bildirib ki, bu hücum təkcə ABŞ prezidenti Donald Trampın deyil, eyni zamanda beynəlxalq koalisiyanın Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə görə cəzalandırmasıdır. “Başda ABŞ olmaqla beynəlxalq koalisiya Əsəd rejimini kimyəvi silahdan insanlığa qarşı istifadə etməməyə çağırsa da, nəticəsi olmadı. Ancaq zamanında PKK və erməni terrorçularını dəstəkləyən Əsəd sonda öz xalqına qarşı kimyəvi silahdan istifadə etdi. Bu hücumlar da həmin xəbərdarlıqlarının məntiqi nəticəsidir”,- deyə A.Mollazadə bildirib.
Politoloq Hikmət Hacızadə isə hesab edir ki, yaranmış durum dünya üçün çox təhlükəli bir mərhələyə qədəm qoyulmasından xəbər verir: “Heç kim ABŞ-Rusiya toqquşmasının dərinləşməsini istəmir. Çünki bu qarşıdurmanın dərinləşməsi bütün dünyaya olduğu kimi Azərbaycana da yaxşı heç nə vəd etmir. Ancaq ABŞ və digər ölkələr Əsəd rejiminin insanlığa qarşı kimyəvi silahlardan istifadə etməməsi barədə bəyantlarına əhəmiyyət vermədi. Buna dözməyən Qərb məcbur olub Suriyaya raket zərbələri endirdi”.
Politoloq ABŞ-Rusiya qarşıdurmasının genişmiqyaslı hərbi əməliyytalar və yaxud üçüncü dünya müharibəsi kimi bir vəziyyət alacağını gözləmir.
“Ancaq lokal qarşıdurmalar olacaq. Qərb bu və ya digər vasitələrdən istifadə edərək Rusiyanı geri otuzduracaq. Mütləq deyil ki, bu hərbi yolla olsun. Rusiyanı geri otuzdurmaq üçün iqtisadi, maliyyə, diplomatik təzyiq vasitələrindən istifadə ediləcək”,– deyə politoloq qeyd edib.
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Qərb Suriyadan Rusiyanı sıxışdırıb çıxarmağa müyəssər ola bilməyəcək: “Çünki ABŞ Rusiyanının Suriyada təxmin etdiyindən daha güclü olduğunu görür və anlayır ki, onu bölgədən sıxışdırıb çıxarmaq mümkün deyil”.
M.Əhmədoğlunun fikrincə, Donald Tramp Suriyanı vuracağı barədə vədlər vermişdi və bu vədlərə uyğun olaraq Suriyaya raket zərbəsi endriməsi öz simasını qorumağa xidmət edir: “Trampın bundan sonra Suriyaya elə də ciddi raket zərbələri endirəcəyinə elə də inanmıram”.
O əlavə edib ki, Tramp bir müddət öncə Suriyadan çıxacağı ilə bağlı verdiyi vədə əməl edərək, bölgəni tərk edəcək.
Politoloq Qabil Hüseynli isə bildirib ki, Rusiya ABŞ raketlərini məhv edəcəyini bəyan etsə də, verdiyi vədə əməl edə bilmədi: “Rusiya əvvəlcədən Suriyadakı hava-hücumundan müdafiə raketlərini və S-400 raketlərini hazırlıq vəziyyətinə gətirdiyini bəyan etsə də, ABŞ-ın atdığı raket zərbələrinin qarşısını ala bilməməsi tamam başqa bir reallığı ortaya qoydu. Bu bir daha Rusiyanın raketləri vurmaq üçün texniki imkanlarının yetərincə olmadığını sübut etdi. Bununla da Rusiya ABŞ-ın qarısında duruş gətirə bilmədi”.
Politoloq hesab edir ki, Vaşinqton Rusiyanı yüz faiz yerində otuzduracaq. “Zənnimcə, ABŞ Suriya və İraqda qarşıya qoyduğu hədəflərə nail olacaq. İran və Rusiya ilə bağlı planların tədricən realaşdıracaq”,- deyə politoloq bildirib.
Politoloq Şahin Cəfərli isə hesab edir ki, ABŞ və müttəfiqlərinin Suriyaya qarşı hərbi əməliyyatında 2 siyasi məqsəd güdülür:
“Birincisi, Suriyada uğur qazanan, bu uğurunu regional və qlobal miqyasda yaymağa çalışan Rusiyanın xarizmasını cızmaq, onun nüfuzuna zərbə endirmək. Bura İranı da əlavə etmək olar.
İkincisi, Rusiya ilə yaxınlaşan və ya yaxınlaşmağı düşünən bölgə ölkələrinə, o cümlədən Türkiyəyə mesaj vermək, bu kontekstdə Rusiyanın hava-raket hücumundan müdafiə silahlarının o qədər də etibarlı olmadığını, yüzdə yüz müdafiə qarantiyası vermədiyini nümayiş etdirmək. Çünki Suriyanın istifadəsində S-300 raketləri var.
Ona görə də bunu sırf hərbi baxımdan bu əməliyyatın Bəşər Əsədə, onu dəstəkləyənlərə sarsıdıcı zərbə vurğunu söyləmək mümkün deyil. Burada həm də siyasi məqsəd var”.
Mürtəza Bünyadlı
Gununsesi.info