
Xəbər verdiyimiz kimi, ötən il Türkiyədə evlənən azərbaycanlıların sayı açıqlanıb. Belə ki, 2023-cü ildə 254 azərbaycanlı kişi Türkiyədə ailə qurub.
Türkiyə Statistika İdarəsinin (TÜİK) 2023-cü il hesabatında bildirilir ki, əcnəbi gəlinlər arasında 9,1 faizlə azərbaycanlı gəlinlərdir.
Bəs görəsən azərbaycanlı qadınlar niyə əcnəbilərlə ailə qurur?
Gununsesi.info-ya danışan “Təmiz Dünya“ İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bir çox hallarda türk vətəndaşları ilə ailə qurmaq bizim üçün eyni millət ilə ailə qurmaq kimidir:
“Çoxları bunu sərhəd hesab etmir. Amma müxtəlif hüququ məsələlər var ki bunlar önəmlidir. Azərbaycanlı xanımlardan Türkiyə vətəndaşları ilə ailə quranların əksəriyyəti ikinci dəfə ailə həyatına hazırlaşan xanımlardır. Təbbi ki, bunların arasında gənc xanımlar da az deyil. Üstünlük təşkil edənlər ikinci dəfə ailə quranlardır. Eyni zamanda ailədə zorakılığa məruz qalan qadınlar var ki, xilas yolunu Türkiyəyə ərə getməkdə görür.
Bəzi hallarda gənc qadınlar hesab edirlər ki, əcnəbilərlə ailə qursalar münasibətlərdə daha azad, daha sözləri keçərli və daha çox bərabər hüquqlu imkanlara malik olacaqlar nəinki öz ölkələrində. Eyni zamanda bəziləri də düşünür ki, əcnəbilərin maddi durumları daha yaxşıdır. Təssüf ki, bəzən heç də ürəkaçan nəticələr ilə rastalaşmırıq.”
Mehriban Zeynalovanın sözlərinə görə, Türkiyə kimi Çin, Pakistan, Malaziya və digər müxtəlif ölkələrə gəlin köçənlər də az deyil:
“Qeyd edim ki, 1975- 1980-ci illər arasında apardığım tədqiqatlarda əcnəbilərlə ailə qurmaq hallarına rast gəlinmirdi. Digər millətlər ilə qızların alə qurması çox az halda idi. Ümumiyyətlə dəstəklənmirdi. Rayonlarda birmənalı şəkildə bu mövzu qəbul edilmirdi. Lakin indi artıq insanlar üçün fərq etmir”.
O, əlavə edir ki, bəzən qadınlar ailə münasibətlərində qarşı tərəfin qaydalarını bilmirlər:
“Bu qaydaları bilmək onların ailədə münasibətlərini və statuslarını istədikləri formada tədbiqinə imkan verir. Qeydiyyat, uşaq üzərində qəyyumluq və bu kimi məsələləri nümunə gətirmək olar. Əksər hallarda mənəvi boşluqlardan ailə qurmaq istəyən qadınlar qarşı ölkədə başqa mədəniyyətlər, müxtəlif münasibətlər, alışmadıqları hallar ilə qarşılaşır. Bu vəziyyətə isə adaptasiya olmaq isə çətindir. Mənəvi boşluqlardan dolayı evlənən cütlüklər arasında boşanma halları daha tez baş verir. Məsələn Türkiyənin özünün elə yerləri var ki, orada ailə münasibətlərində kişilərin daha çox sözü keçir və patriarxal modeldir. Bu ailələrdə də qadınların səs hüquqları olmur”.
“Təmiz Dünya“ İctimai Birliyinin sədri Mehriban Zeynalova sonda vurğulayır ki, kimliyindən asılı olmayaraq ailə quran tərəflər bir-biriləri haqqında geniş informasiyalara sahib olmalıdır:
“Ailə quran tərəfin bütün münasibətlər toplulusu, davranış modeli, tərəflərin qohumluq münasibətləri, qohumluqda bir-birinə olan qarşılıqlı dəstək bunlar vacib məqamlardır. Bu da ailənin möhkəmliyinə öz təsirini göstərə bilir. Təbbi ki, bu məsələləri əcnəbilərlə etmək isə nisbətən çətin məsələdir”.
Şəbnəm Rəhimova
Gununsesi.info