
Şahmat üzrə dünya çempionatında Azərbaycan komandasının üzvləri 3 gümüş, 1 bürünc medal qazanıb.
Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Rumıniyada keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında ölkəmizi “Təhsil” Respublika İdman Mərkəzinin komandası təmsil edib.
Belə ki, 42 ölkədən 600-dən çox məktəbli şahmatçının qatıldığı yarışda komandamızın üzvlərindən Ziya Məmmədov 7 yaşlı oğlanlar arasında, Fərid Orucov 9 yaşlı oğlanlar arasında, Süsən Məmmədova 17 yaşlı qızlar arasında II yeri tutaraq gümüş, Leyla Budaqova 9 yaşlı qızlar arasında III yeri tutaraq bürünc medal qazanıb.
Qeyd edək ki, hər il məktəblilər arasında keçirilən dünya və Avropa çempionatlarında iştirak edəcək məktəbli şahmatçıların müəyyən edilməsi məqsədilə “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən Uşaq-Gənclər Şahmat məktəbləri arasında respublika çempionatı təşkil edilir. Çempionatda yaş qrupları üzrə I yeri tutan şahmatçılar dünya, II yeri tutan şahmatçılar Avropa çempionatında iştirak etmək hüququ qazanır.
Anar
Gununsesi.info