
Hazırda ABŞ-da yaşayan azərbaycanlı telejurnalist Aynur Talıbova iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərə qarşı törədilən vəhşiliklə bağlı Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.
Gununsesi.info-nun xəbərinə görə, aksiyada A.Talıbovaya həyat yoldaşı, azyaşlı oğlu və hazırda ABŞ-da yaşayan daha iki jurnalist dəstək veriblər.
Onlar plakatlarda Zəhra Elnur qızı Quliyevanın fotolarını yerləşdirib, şüarlar səsləndiriblər.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.





Gülnaz Qənbərli
Gununsesi.info












