Azərbaycanlı xanəndə Özbəkistanda mükafatlandırıldı - FOTOLAR

  • By admin
  • 31 Avqust 2019 16:30

Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” XII Beynəlxalq Musiqi Festivalında azərbaycanlı gənc xanəndə Pərviz Qasımov və Qırğız Respublikasının “Komuzçular” dueti birinci mükafata layiq görülüb.

Gununsesi.org-un məlumatına görə, dünyanın 75 ölkəsindən 340 ifaçının iştirak etdiyi festivalın baş mükafatı – Qran-Prini Özbəkistan Dövlət Konservatoriyasının tələbəsi Mexriniqor Abduraşidova alıb.

İkinci mükafat Türkmənistan və Monqolustan nümayəndələrinə verilib. Üçüncü yeri isə Tacikistan, Rusiya və Özbəkistan musiqiçiləri tutub.

Qeyd edək ki, 1997-ci ildə Səmərqənddə keçirilən birinci festivalda Azərbaycanın Xalq artisti Simarə İmanova Qran-Pri mükafatına layiq görülüb. XI festivalda isə Əməkdar artist, tarzən Sahib Paşazadə Qran-Prini ikinci dəfə qazanıb. Ayrı-ayrı vaxtlarda tanınmış xanəndə Alim Qasımov, həmçinin Aygün Bəylər, Qoçaq Əsgərov festivalda birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.



Gununsesi.org