Azərbaycanlılar niyə istənilən oteldə qala bilmir?

  • By admin
  • 12 İyul 2016 23:09

 

otel

 

BBC Azərbaycanca aşkarlayıb ki, Bakıdakı bəzi otellərdə Azərbaycan pasportu olan vətəndaşların qalmasına izn verilmir.
Həmçinin əlaqə saxladığımız 3, 4 və 5 ulduzlu 30-dan çox otelin əksəriyyətində nigah şəhadətnaməsi tələb edildiyi məlum olub.
Mədəniyyət və Turizm Nazirliyi bu addımı otel sahiblərinin “səhv qərarı” adlandırır və əlavə edir ki, nazirlik otellərə müştərilərdən əlavə sənəd istəməməsi ilə bağlı sadəcə “tövsiyyə verə bilər”.
Hazırda Azərbaycanda mövcud olan qanunlarda yalnız Mülki Məcəllədə mehmanxanalarla bağlı cəmi bir paraqraf var ki, o da əşyaların mehmanxana və restoranlarda saxlanması prosedurlarının tənzimlənməsini özündə ehtiva edir.
“Otelin adı pis çıxır”

Azərbaycanın yerli brendi olan 5 ulduzlu otellərdən birinin – Sapphire City Otellər qrupunun Bakının mərkəzindəki filialında Azərbaycan pasportu ilə ümumiyyətlə qalmağa icazə verilmir. Otelin saytında bu haqda hər hansı məlumat olmasa da, BBC Azərbaycancanın müxbiri ilə danışan otel nümayəndəsi “otelimiz burda fəaliyyətə başladığı gündən bu qayda var” deyir.

Otel meneceri isə “bu səhv məlumatdır” deyərək “bizdə Azərbaycan pasportu ilə qalmaq olar” deyir. Onun sözlərinə görə, bunlar hamısı “daxili qaydalarla” tənzimlənir.

Şəbəkənin Səməd Vurğun küçəsində yerləşən otelində (Sapphire Hotel Baku) BBC Azərbaycanca müxbirinə “Azərbaycan vətəndaşınız, bizim oteldə qala bilməzsiniz” deyiblər.

“O biri filialımıza getsəniz də, eyni cavabı alacaqsınız”, – qəbul zalında əlavə ediblər.

Əməkdaşımız Nizami küçəsində yerləşən oteldə (Saphire City) Azərbaycan pasportunu təqdim edərək bir neçə gün qala bilib. Qəbul zalında izah ediblər ki, otel otağı rezerv ediləndə gələcək qonağın Azərbaycan vətəndaşı olacağı barədə öncədən məlumatı olmayan otel bu pasportla vətəndaşı qəbul etməyə məcbur olub.

Nigah şəhadətnaməsi

4 ulduzlu otellərdən birinin (Alp İnn Hoteli) nümayəndəsi də Azərbaycan vətəndaşlarına qarşı eyni tələb irəli sürsə də, xarici qonaqlara qarşı belə bir tələbin olmadığını deyir.

Digər 4 ulduzlu oteldə (Altstadt) nigah şəhadətnaməsi təqdim etməyən azərbaycanlı cütlüyün bir yerdə olmasa da, ayrı-ayrı otaqlarda qala biləcəyini deyir, bir şərtlə ki, onlar “bir-birinin otağına keçməsin”.

Paytaxtın mərkəzində yerləşən (Anatolia) 4 ulduzlu otel isə bəyan edir ki, onlarda nigah şəhadətnaməsi tələbi yalnız azərbaycanlı deyil,elə əcnəbi cütlüklərə də tətbiq olunur.

 

otel 2

Gununsesi.info