Belə bir deyim var. Deyirlər bir cəmiyyətin gələcəyi onun təhsil səviyyəsindən asılıdır. Bu deyim hər zaman öz sözünü deyib. Hansı cəmiyyətdə elmi, təhsil səviyyəsi yüksək olubsa, o cəmiyyət hərtərəfli inkişafı ilə digər toplumlardan öndə olublar. Bu müasir dövrümüzə də aiddir. Hansı ölkədə təhsil və elm inkişaf etmişsə, o cəmiyyətin inkişafı göz önündədir və bunu izah etməyə də lüzum yoxdur. Hansı ölkə elmə, təhsilə diqqət yetirirsə, o, toplum bunun bəhrəsini görməkdədir. Bununla bağlı xeyli ölkələr, xalqlar, toplumları misal çəkmək olar. Ancaq hansı cəmiyyətdə elmə, təhsilə dırnaqarası yanaşılırsa, o toplum hər zaman səfalət içində inləyib və bundan sonra da inləyəcək.
Bunları söyləməklə hansısa Amerika açmaq niyyətində deyiləm. Əsas məqsədim uzun illərdən bəri təkcə məni yox, əgər əksəriyyətimizi desəm yanılmaram narahat edən Azərbaycanda orta məktəb dərsliklərinin sözün əsl mənasında bərbad vəziyyətdə və peşəkarcasına hazırlanmaması, bunun da nəticədə təhsilə sirayət etməsi məsələsi olub. Orta məktəb dərsliklərində əsas problem ciddi səhvlərlə yanaşı, peşəkarlıq səviyyəsində hazırlanmamasıdır. Dərsliklərdə bəzən elə məsələlər qoyulub ki, ondan heç onu uzun illərin müəllimləri belə baş aça bilməyiblər.
Belə faktlar sadlamaqla bitməz. Hələ dərs yükü ilə bağlı problemləri dilə gətirmirəm.
Səbəbini soruşduqda isə hərə bir bəhanə ilə bu bizlik deyərək, məsələdən yan keçirlər. Bir çoxu da sadəcə başını bulayaraq “millətin gələcəyini məhv edirlər” deməklə kifayətlənib susurlar.
Cavabdeh şəxslər də hər dəfə müəyyən bəhanələrlə və variantlar işlərməklə problemdən yan keçiblər.
Ancaq sağ olsun Milli Elmlər Akademiyasının (AMEA) kademik-katibi Rasim Əliquliyevi. Rasim Əliquliyev ötən həftə AMEA-nın ötən həftə keçirilən toplantısındakı çıxışında bir çox qaranlıq məqamlara aydınlqı gətirdi.
R.Əliquliyev çıxışında deyib ki, AMEA-nın üzvlərinə Rəyasət Heyətində orta və ali məktəb dərslikləri yazanlar çatışmaması ilə bağlı dəfələrlə edilən müraciətlər nəticəsiz qalıb: “Bu iş üçün heç bir motivasiya yoxdur. Çünki bu dəqiqə aparıcıların, elmi işçilərin fikri-zikri istinad, FİŞ indeksinin yanındadır”.
Onun sözlərinə görə, AMEA Tomson Reyterslə müqavilə bağladığından, alimlərə illik hesabat vermək şərti qoyulub: “Bu gün Azərbaycan alimləri yalnız Tomson naminə işləməli deyillər. Onlar Azərbaycan üçün elmi kadr hazırlamalı, elmi inkişaf etdirməlidir. Hər bir alimin fəaliyyəti tək FİŞ indeksinə görə müəyyənləşməli deyil…
Tomson Reytersdə elmi əsərləri nəşr olunan alimlər deyir ki, Tomson perspektivi olan problemlə məşğul olmaq istəyir. Azərbaycanın problemi ilə kim məşğul olmalı, Azərbaycan təhsilinə kim dəstək verməlidir?” – deyə, o əlavə edib.
Bəli R.Əliquliyev çox doğru deyib, əgər hər kəs özşəxsi karyerası, korporativ maraqları üçün çalışacaqsa, o zaman millətin gələcəyini kim düşünəcək, təhsili üçün kim çalışacaq?..
Bir çoxları deyə bilər ki, bu dedikləriniz, heç əvvəlki dediklərinizlə uyğun deyil. Bir yandan elmi peşəkarlıq səviyyədən danışırsınız, digər tərəfdən isə alimləri beynəlxalq reytinqin əleyhinə çıxırsınız. Xeyr. Əsla mən bunun əleyhinə deyiləm. Məni hörmətli alimizi Rasim Əliquliyevin dediyi o, motivasiya amili narahat edir. Yaxşı gəlin, bir anlığa düşünək, bütün alimlər Tomson Reytersə uyğun hesabatlarını hazırladı və reytinq aldı. Bəs millətin gələcəyi?!
Məni narahat edən ölkənin elm və təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi və onun rəhbərliyinin fəaliyyətidir. Axı ölkə başçısı səviyyəsində Azərbaycanda elm və təhsilin səviyyəsinin artırılması, maddi-texniki bazanın, peşəkar dərsliklərin hazırlanması üçün yetərində Dövlət Proqramları qəbul edilib və bunlar həyata keçirilməkdədir. Elə maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətindən son illərdə respublikanın ən ucqar kəndlərini belə əhatə edən 2500-dən artıq müasir tipli məktəb binaları tikilib və hər cür vəsaitlə təchiz edilib. Büdcədən müasir səviyyəyə uyğun dərsliklərin hazırlanması üçün lazımı vəsaitlər ayrılıb. Mən hələ Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən tədbirləri və proqramları demirəm. Ancaq nədənsə təhsilə məsul olan icra strukturlarının ölkə başçısının həyata keçiridiyi bu siyasəti uğurla davam etdirə bilməməsi cəmiyyəti ciddi narahat edir. Görəsən, Təhsl Nazirliyi nə zaman ayılıb vəziyyətə müdaxilə edəcək və motivasiyası olmayan alimlərim millətin gələcəyi naminə peşəkar dərsliklər yazdırmaq haqqında düşünəcək. Orta məktəb dərsliklərinin hazırlanmasındakı bu “öz fəaliyyətə” nə zaman son qoyulacaq?..
Yoxsa, Azərbaycanda təhsilə cavabdeh olan şəxslərin də bu məsələdə özünəməxsus formada motivasiyası var. Biz onu anlamırıq və yaxud xəbərimiz yoxdur. Onlar da özlərinə uyğun bir Tomson reytinqi müəyyənləşdiriblər və ona uyğun da fəaliyyət göstərirlər. Və hesab edirlər ki, elə mövcud dərsliklər Tomson perspektiv əsasında, xüsusi reytinqə uyğun qaydada hazırlanır və cəmiyyətin səviyyəsi buna yetmir?!
Təhsil Nazirliyinin və təhsilə aidiyyatı olan digər qrumalrın motivasiya anlayışı isə cəmiyyət üçün çox maraqlı olardı…
Və bu zaman böyük Sabirin “Millət necə tarac olur olsun, nə işim var?!”şeiri yada düşür:
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karim,
Dünyavü cahan ac olur olsun nə işim var?!
Salma yadıma söhbəti tarixi cahanı,
Əyyami-sələfdən demə bir sözdə filani,
Hal isə gətir meyl eləyim domlanı, nani,
Müstəqbəli görmək nə gərək, ömürdü fani;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim uçalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Hər millət edir səfheyi-dünyada tərəqqi,
Eylər hərə bir mənzili-məvada tərəqqi,
Yorğan-döşəyimə düşə gər yadə tərəqqi,
Bizdə edərik aləmi-röyada tərəqqi;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Bundan sonra isə hər hansı ifadəyə yer qalmır.
Mürtəza Bünyadlı
Gununsesi.info