“Azərenerji” 2.15 milyard manatlıq borc bataqlığında… - İQTİSADÇI

  • By admin
  • 12 İyul 2017 16:18

1444195562_etibar-p

Hesablama Palatasının hesabatı göstərir ki, son illərdə dövlət mülkiyyətində olan vergi ödəyiciləri arasında dövlət büdcəsinə borca görə birinci yeri “Azərenerji” ASC tutur.

Gununsesi.info xəbər verir ki, bu haqda Toğrul Maşallı opengovrement.az saytında yazır.

İqtisadçı qeyd edir ki,  2016-ci ilin yanvarın 1-nə şirkətin dövlət büdcəsinə borcu 799.8 mln manat təşkil edirdi (bu, dövlət şirkətləri arasında cəmi borcun 68.2 faizi deməkdir). Buraya heç də bölüşdürülməmiş mənfəət və ya divident aid deyil: “Bu sadəcə vergi borcudur və artıq neçə illərdir yığılır. Nəticədə borca görə faizlər borcun əsas hissəsini üstələyib: borcun əsas hissəsi 390.3 mln manatdır, qalan məbləğ isə borcun ödənməməsinə görə faizlərdir.

Hesablama Platasının məlumatına görə, 2015-ci ildə Nazirlər Kabineti dövlət büdcəsinə vergilər üzrə yaranmış borcunun ödənilməsi üçün “Azərenerji” ASC-yə uzunmüddətli, aşağı faizli kreditin verilməsini təmin etmişdi. Eyni zamanda həmin il “Azərenerji” ASC-yə vergi, faiz və maliyyə sanksiyalarına görə borcun ödənilməsi üzrə 5 illik möhlət verilib. Bununla belə, 2016-ci ildə dövlət mülkiyyətində olan vergi ödəyiciləri, o cümlədən də “Azərenerji” üzrə dövlət büdcəsinə borca görə əhəmiyyətli azalma qeydə alınıb. Şirkətin borcları ümumilikdə 796.3 mln manat və ya 99,6 faiz azalaraq 3.5 milyon manata düşüb. Lakin Vergilər Nazirliyinin hesablaması göstərir ki, borclar pul vəsaitləri şəklində dövlət büdcəsinə ödənişlər edilməsi hesabına azalmayıb. Belə görünür ki, bu, borcların müxtəlif formada əvəzlənməsi və silinməsi hesabına baş verib”.

Toğrul Maşallıya görə “Azərenerji” ASC-nin maliyyə hesabatlarından göründüyü kimi, 2016-cı ilin sonuna şirkətin ümumi borc öhdəlikləri 2.15 milyard manat təşkil edib: “Doğrudur, şirkətin ümumi borcu əvvəlki illə müqayisədə 143 milyon manat azalıb, amma xarici valyutalarda olan uzunmüddətli öhdəliklər 8 faiz artıb. Ümumiyyətlə isə şirkətin uzunmüddətli öhdəlikləri 2015-ci ildə daha çox artıb ki, bunun da əsas səbəbi manatın devalvasiyasıdır.

Ümumi baxdıqda isə “Azərenerji” ASC-nin borcları təhlükəli həddə sayıla bilər. Fitch reytinq agentliyi 6 dekabr 2016-cı il tarixdə şirkətin reytinqini endirərək BB+ təsdiq edib və perspektivini mənfi qiymətləndirib. Fitch həmçinin “Azərenerji”nin likvidliyinin aşağı olduğunu və hökumətdən əhəmiyyətli yardımlar almaqda davam etdiyini qeyd edib. Reytinq şirkətinin məlumatına görə, 2016-cı ilin birinci yarısının sonunda “Azərenerji”nin 432 milyon manat qısamüddətli öhdəlikləri olmasına baxmayaraq cəmi 11 milyon manat nağd pul vəsaitlərinə malik olub”.

İqtisadçı yazır ki, 2016-ci ilin nəticələrinə görə, şirkətin uzunmüddətli borclarının həcmi nizamnamə kapitalının dəyərini üstələyib: “Fitch reytinq agentliyinin məlumatına görə, 2016-2025-ci illərdə “Azərenerji” ASC-nin xarici kredit borclarını ödəmək üçün Azərbaycan hökuməti 172 milyon ABŞ dolları və 204 milyon avro vəsait təqdim edəcək.

Borcların ödənməsi müddəti isə yetişib. “Şimal” elektrik stansiyasının yenidən qurulması və istehsal gücünün artırılması üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı da daxil olmaqla bir neçə donordan götürülmüş 270 milyon ABŞ dolları məbləğində olan borcun ödənmə müddəti 2017-ci ilin əvvəlindən başlayıb. Bundan başqa şirkət “Sumqayıt” İES və “Cənub” elektrik stansiyaları üçün isə Avropanın Bayerische Landesbank, Societe Generale və Credit Suisse banklarının konsorsiumundan 300 milyon avro, İslam İnkişaf Bankından 134 milyon avro, Abu-Dabi Fondundan 60.7 milyon ABŞ dolları məbləğində kreditlər götürülüb. Avropa Yenidənqurma və İnkişaf Bankından alınmış 207 milyon ABŞ dolları isə Mingəçevirdəki AZDRES enerji stansiyasının yenidənqurulması üçün nəzərdə tutulub.

Maraqlıdır ki, “Azərenerji” ASC-nin adı hətta Beynəlxalq Bank məsələsində hallanırdı. Belə məlum olur ki, Beynəlxalq Bank da şirkətə 104 milyon manat həcmində kredit verib.

Hesablamalar göstərir ki, şirkətin xarici borcu təxminən 826 mln avro və 430 mln ABŞ dolları təşkil edir. Düzdür, indi bu kreditlər struktur dəyişikliyi ilə bağlı “Azərenerji” və “Azərişıq” arasında bölünüb. Amma bu borcların əhəmiyyətli hissəsi birincinin üzərindədir və nəzərə alsaq ki, hər iki şirkət dövlət mülkiyyətindədir, demək sonda bu borcların dövlət büdcəsi hesabına ödənməsi ehtimalı yüksəkdir.

Yeri gəlmişkən, əgər 2012-ci ildə şirkətin borclarının 87.1 faizi dövlət zəmanəti ilə alınmışdısa, 2015-ci ildə bu 99.5 faizə yüksəlib. Başqa sözlə, şirkət öz hesabına yalnız borcun 0.5 faizini əldə edə bilib. Eyni zamanda son 10 ildə dövlət şirkətə hər cür dəstək verib. 2010-2015-ci illər ərzində 3.6 mlrd manat həcmində şirkətin kapitalına əlavə ödənişlər edilib. Vəsaitlərin əsas hissəsi əmlak formasında, 970 mln manat isə dövlət investisiya layihələri çərçivəsində verilmiş vəsaitlərdir.

Şirkətin başqa bir problemi ölkə daxilindəki ödəmələrlə bağlıdır. 2010-2016-ci illərdə şirkətin debitor borcları təxminən 3 dəfə artaraq 120,7 milyon manata çatıb. Bundan əvvəl yalnız 2009-cu ildə debitor borclar 804 milyon manata çatmışdı və dövlət onları sildi.

Maliyyə Hesabatları göstərir ki, şirkət artıq neçə ildir zərərdən çıxa bilmir. Şirkət 2015-ci ili 870.5 milyon, 2016-cı ili isə 108.9 milyon manat zərərlə başa vurub”.

Vüsalə Rüstəmova

Gununsesi.info