
Ötən günlər “Azərikard”da baş verənlərlə bağlı qurum rəhbərliyi açıqlama verib.
Gununsesi.info-nun məlumatına görə, açıqlamda UPS avadanlıqlarının planlaşdırılmış yenilənməsi zamanı gözlənilməz gərginlik sıçrayışı baş verdiyi bildirilib. Qeyd edilib ki, bunun nəticəsində cihazlar sönüb və yenidən işə düşüb. Nəticədə isə saxlama (storage) cihazlarının qeyri-adekvat davranışı səbəbindən sistem bloklanıb və xidmət göstərmək mümkün olmayıb.
“Storage” avadanlığını isə dərhal blokdan çıxarmaq mümkün olmayıb.
Bu açıqlamaya aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, “elektrikdə problem olub, sistem restart olub və bundan sonra sistem bloklanaraq işə düşməyib”. Osman Gündüzə görə, burada incə bir məqam var:
“Nə üçün məhz 7 saat ərzində sistemi işə salmaq mümkün olmayıb? Hansı avadanlıqlar olub, quruma verilən bu texnologiyanın təchizatçısı, istehsalçısı kim olub? Nə üçün anında reaksiyalar olmayıb? Nə üçün backup versiya işə düşməyib, backup hansı texnologiya üzərində “oturubmuş?””
Onun sözlərinə görə, tenderlərin siyahısına baxanda görmək olar ki, “Azərikard”ın “storage”ləri HPE texnologiyasıdır:
“Düşünürəm ki, bütün bu tip hadisələrin məhz HPE nümayəndəliyinin ölkəmizdə bağlanmasından sonra baş verməsi də təsadüfi deyil.
Maraqlıdır ki, lokal texniki dəstəyin olmadığı bir şəraitdə belə bir strateji qurumda, yüz minlərlə vətəndaşın bank məlumatları yerləşən sistemə kim müdaxilə edə bilib və problemi aradan qaldıra bilib?”
Osman Gündüz qeyd edib ki, artıq HPE ilə bağlı bir neçə dəfə dövlət qurumlarında belə hallar təkrarlanıb. “Bildiyim qədər bu cür qurumlara belə resurslar veriləndə ciddi təminatlar olur, müqavilələr bağlanır. Normalda bu cür problemlər anında, qısa zaman kəsiyində aradan qaldırılır. 15 banka xidmət edən, “Mastercard” və “Visacard” kimi qurumlardan lisenziyası olan “Azərikard”ın 7 saat donması ağlasığmazdır. Ümid edirəm, ABB öz törəmə şirkətində baş verənlərin fərqindədir”, deyə o əlavə edib.
Mütəxəssis vurğulayıb ki, ABB -nin “Azərikard”ın texnoloji mühitində baş verənləri nəzarətə götürməsi, İT audit aparması, belə problemlərin təkrarlanmaması üçün tədbirlər görməsi vacibdir”.
Maraqlıdır ki, Mərkəzi Bank, kritik infrastruktura cavabdeh olan XRİTDX bu məsələlərlə bağlı açıqlama verməyib.
Gununsesi.info