“Azəriqaz” 6 nəfərin dəm qazından boğlub ölməsində iki nazirliyi günahlandırdı - "TEXNİKİ BAXIŞI ONLAR İCRA EDİR"

  • By admin
  • 05 Mart 2018 14:06

Sumqayıtda bir ailədən altı nəfər dəm qazı zəhərlənməsindən həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında qeydə alınıb.

Araşdırmalarla ölən şəxslərin həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlu, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızı, onların  qızı – 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızı, Saranın övladları – 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlu, 2010-cu il təvəllüdlü Abbasova Zenfira Qüdrət qızı və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızı olduqları müəyyənləşib.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə görə onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunduğundan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, istintaq aparılır.

Qış aylarında dəm qazından zəhərlənmələrin artması vətəndaşlar arasında ciddi narahatlıq yaradır. Sosial şəbəkələrdə gedən müzakirələrdə əksəriyyət “Azəriqaz” İstehsalat Birliyini günahkar görür. Onlar əhaliyə satılan qazın tərkibinin standartlara cavab vermədiyini idda edirlər.

Modern.az məsələyə aydınlıq gətirməsi üçün “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyevə müraciət edib.

Ruslan Əliyev açıqlamasında iddiaları belə cavablandırıb:

“Mənzil daxilində qaz cihazlarına texniki baxışı “Azəriqaz” deyil, başqa qurumlar  həyata keçirir. Cənab prezidentin 2016-cı ilin mayında imzaladığı sərəncama əsasən, mənzillərə texniki baxışı “Azəriqaz” İstehsalat Birliyi həyata keçirmir. Mənzil daxilində texniki baxışı Enegetika Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı xidmətləri icra edir”.

R.Əliyev bildirib ki, sayğac quraşdırıldıqdan sonra geri qalan məsələlərə “Azəriqaz” cavabdehlik daşımır.

Gununsesi.info