“Azəriqaz” və digər dövlət şirkətləri özəlləşdirilməlidir - ÖLKƏ İQTİSADİYYATI DÖVRÜN YENİ TƏLƏBLƏRİNƏ UYĞUN QURULMALIDIR

  • By admin
  • 03 İyul 2017 16:25

azeriqaz

Dünyadakı iqtisadi-maliyyə böhranının Azərbaycandan yan keçməməsi ölkə iqtisadiyyatına öz təsirlərini göstərməkdədir. Yaranmış durum isə ölkə iqtisadiyyatının dövrün yeni tələblərinə uyğun qurulmasını zəruri edir. Çünki yaranmış durumda ölkədə bütün məsuliyyəti dövlətin öz üzərinə götürməsi və prosesi irəliyə aparması qeyri-mümkündür. Belə vəziyyət iqtisadi sahədəki islahatların və özəlləşdirmə prosesinin sürətləndirilməsini vacib edir. Bu baxımdan bu gün hələ də dövlət şirkətləri funksiyasını rolunu oynayan “Azəriqaz”, “Azərsu”, “Azərişıq”, AZAL, SOCAR, Xəzər Dəniz Gəmiçiliyi və digər dövlət şirkətlərinin qismən və ya tamamilə özəlləşməyə çıxarılması, yaxud da dövlətsiləşdirilərək uzunmüddətli idarəetməyə verilməlidir. Bu yolla həm effektli iqtisadi islahatlara, həm də effektli idarəetmə sahəsində keyfiyyətli xidmətlə nail olmaqla bir sıra problemləri həll etmək olar. Bu artıq zamanın tələbidir. Ancaq bu yolla həm effektli idarəetməyə, həm də ölkə iqtisadiyyatında hansısa irəliləyişə nail olmaq mümkündür. Əks təqdirdə problem daha da dərinləşəcək, effektli idarəetmə sistemi tətbiq edilmədiyindən bu şirkətlərin borcları ilbəil artacaq və nəticədə dövlət onların borclarını öz üzərinə götürmüş olacaq. Bu da dövlətə əlavə yük olmaqla bərabər, əhalinin yaşam tərzinə mənfi təsir göstərəcək.

Elə bu məsələ 2017-ci il dövlət büdcəsinə edilən dəyişikliklərin iyunun 30-da Milli Məclisdə müzakirəsində də açıq formada özünü biruzə verdi. Xüsusən də “Azəriqaz” İstehsalat Birliyinə yol verdiyi itkilərə görə büdcə vəsaiti hesabına bu itkiləri bağlanması nə millət vəkilləri, nə də ki, ekspertlər tərəfindən birmənalı qarşılanmadı. Belə ki, Milli Məclisin iyunun 30-da keçirilən növbədənkənar islasında müzakirələr zamanı çıxış edən millət vəkilləri Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Əli Məsimli və digərləri “Azəriqaz” İstehsalat Birliyinə qaz itikisinə görə 250 milyon manat vəsait ayrılması birmənalı qarşılamayaraq, bu cür dövlət şirkətlərinin daha effektli idarə edilməsi məqsədi ilə özəlləşdirilməsini təklif ediblər.

Millət vəkili Vahid Əhmədov “Azəriqaz”da itkilərin çox olduğundan narahatlığını dilə gətirərək deyib ki, Azərbaycanda qaz itkiləri həddindən artıq çoxdur. Onun sözlərinə görə, qaz itkiləri aradan qaldırılsa, SOCAR-a əlavə vəsait ayrılmasına ehtiyac qalmayacaq. Vəziyyətdən çıxış yolu kimi V.Əhmədov “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyəti ilə bağlı tədbirlər planı hazırlanmasını təklif edib.

Millət vəkili Qüdrət Həsənquliyev də bir sıra dövlət şirkətlərində xərclər həddindən artıq çoxolduğundan “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın özələşdirilməsini təklif edib: “Mən əvvəllər də demişəm ki, hökumət “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ın özəlləşdirilməsi barədə düşünməlidir. Biz bunu nə qədər tez etsək, bir o qədər xərclərimizi azaldacağıq. Və bu sahədə nizam-intizamı gücləndirmiş olacağıq. Ona görə də bu şirkətlərin özəlləşdirilməsinin zamanı çoxdan çatıb”.

İqtisadçı ekspert Azər Mehtiyev isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Azərbaycanda büdcəyə dəyişiklik bir ənənə halını alıb. “Ancaq bu ilki dəyişikliklə əvvəlki dəyişikliləri fərləndirən cəhət ondan ibarətdir ki, əgər əvvəlki illərdə neftdən gələn gəlirlərin hara xərclənməsi  büdcədə əksini tapırdısa, 2017-ci ilin büdcəsinə edilən dəyişiklikdə isə  hökumətin və bəzi dövlət şirkətlərinin borclarının büdcə vəsaiti hesabına ödənilməsidir”- deyə, o, vurğulayıb.

A.Mehtiyev hesab edir ki, ona görə də dövlət şirkətlərinin fəaliyyətləri  ciddi şəkildə araşdırılması və onların effektli idarəetmə metodları yolları aranmalıdır. “Bu gün hələ də ölkə iqtisadiyyatı dövlət nəzarətində olan “Azəriqaz”, “Azərkimya,  SOCAR, “Azərsu”, “Azərişıq” AZAL, Xəzər Dəniz Gəmiçiliyi və sair bu kimi şirkətlərin nəzarətindədir. Bir neçə il öncə neft gəlirlərinin çox olduğu zamanda adıçəkilən şirkətlərə həm maddi-texniki təchizatən təmin edilməsi, həm də idarəetməmin təkmilləşdirilməsi sahəsində milyardlarla vəsait ayrılsa da, ortada nəticə yoxdur. Dövlət şirkətlərinin fəaliyyətlərində ciddi dəyişikliyə nail ola bilmədilər. İdaerəetmə müasir dövrün tələblərinə uyğunlaşdırılmadı. Hesabatlılığın şəffaflaşdırılması istiqamətində addımlar atılmadı. İndiyədək heç bir dövlət şirkətində hesabatlılıq beynəlxalq standratlara uyğunlaşdırılmayıb”.

Konkret olaraq “Azəriqaz”a gəldikdə isə A.Mehtiyev bildirib ki, Milli Məclisdə bu qurumun itkilərinin bağlanması ilə bağlı vəsait ayrılsa da, onun hansı səbəblərdən ayrılması ilə bağlı ictimaiyyətə geniş məlumat verilmədi. “Ona görə də bir çox hallarda fikir söyləməkdə adam çətinlik çəkir. Bir yandan “Azəriqaz” ölkədə sürətlə qazlaşdırmadan danışsa da, realıq onun əksini göstərir. Respublikanın əksər yaşayış məntəqləri də hələ də qazlaşdırlmayıb və bu problem mövcuddur. O baxımdan da  ictimaiyyətə məlumat verilmədən Milli Məclisdə “Azəriqaz”a büdcədən bu qədər vəsaitin ayrılması çox şübhəli məqamlara yol açır. Və insanda başqa  fikir formalaşdırır. Odur ki, yaranmış durum bir daha bu şirkətlərin özəlləşməsini və yaxud da dövlətsizləşdirilərək uzun müddətli effektli idarəetməyə verilməsini zəruri edir”- deyə, ekspert vurğulayıb.

O deyib ki, 2000-ci illərdə bu prosesə start verildi: “O zaman “Azərenrji” qismən dövlətsiləşdirilərək “Barmek” və Bayva”nın uzunmüddətli idarəedilməsinə verildi və müəyyən müsbət nəticələr də əldə olundu. Ancaq sonradan neft gəlirlərinin artması fonunda bu idarəetmə metodundan imtina edildi. Nəticədə deyilən dövlət şirkətlərində effektli idarəetmə metoduna nail olunmadı. Odur ki, effektli idarəetməyə nail olmaq üçün kompleks addımlar atılıb, özəlləşməyə və uzunmüddətli idarəetməyə verilməlidir. Bu yolla yuxarıda adıçəkilən şirkətlərdə səmərəli idarəetməyə nail olmaq olar”- deyə, ekspert bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev yaranmış vəziyyətlə bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, qurum itkilərin qarşısını almaq və əhaliyə xidmət göstərmək üçün ilin bütün fəsillərində fəaliyyət göstərir: “İstər yay, istərsə də qış olsun, “Azəriqaz” korroziyaya uğrayan, təmirə ehtiyac duyulan xətlərdə mütəmadi olaraq işlər aparır. Biz çalışırıq ki, qaz xətlərində, həmçinin qaz verilişində hər hansı məhdudiyyət yaranmasın. Hazırda yay dövrü olduğundan qurumumuz tərəfindən işlər gedir ki, qış mövsümünə hazır olaq. Qaz verilişində hər hansı problem yaranmasın”.

Son olaraq bir daha onu demək yerinə düşər ki, ölkənin üzləşdiyi  böhrandan minimal itkilərlə çıxarmaq üçün idarəetmə sisteminin effektivliyini artıqmaqla iqtisadi islahatları sürətləndirib, düzgün islahatlar yolunu seçməklə bu problemlərdən yaxa qurtarmaq olar. Bir daha yuxarıda qeyd etdiyimiz fikrə qayıtmaq istərdik ki, prosesin bu cür davam etməsi və şirkətlərin effektli idarəetmə sisteminin tətbiq edilməməsi daha ciddi problemlərə gətirib çıxaracaq. Bundan da həm hökumət, həm dövlət, həm də vətəndaş əziyyət çəkəcək.

Mürtəza Bünyadlı

Gununsesi.info