Monitorinqlər zamanı Şəmkir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən soyuducu anbara məxsus sayğaca müdaxilə olunaraq içərisinə uzaqdan idarə olunan qurğunun yerləşdirildiyi və nəticədə sayğacın dövrədən kənarlaşdırıldığı müəyyən edilib. Daha bir soyuducu anbara və marketə baxış keçirilən zaman məlum olub ki, obyektə sayğac sxemindən kənar xətt daxil olur. Obyektlərlə yanaşı fərdi yaşayış evlərində də sayğaclara qanunsuz müdaxilə halları aşkar edilib.
Uçotdan kənar qoşulmalar elektrik xətlərinin həddən artıq yüklənməsinə, nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyətinin azalmasına və gərginliyin aşağı düşməsinə səbəb olur. Qanunsuz müdaxilə halları aşkar edildikdə abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.