“Azərkosmos” indiyə qədər NİYƏ zərərlə işləyib- RƏSMİ AÇIQLAMA

  • By arzu
  • 31 May 2020 14:56

2019-cu ildə “Azərkosmos” ASC-nin yığılmış zərəri 1,9% azalaraq 307 milyon manata düşüb.

Gununsesi.org xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Səhmdar cəmiyyəti bəyan edib ki, indiyə qədər yığılmış zərər birbaşa “Azərkosmos”un əməliyyat fəaliyyəti ilə bağlı deyil: “Bu, əsasən (85%) Azərbaycan manatının ötən illərdəki ucuzlaşması ilə əlaqədardır və manatla hazırlanan maliyyə hesabatlarında mənfi məzənnə fərqi əks etdirilib. Belə ki, Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə görə peyk layihələrinin maliyyələşdirilməsi üçün xarici valyutada cəlb edilmiş kreditlər üzrə öhdəliklərdə yaranmış mənfi məzənnə fərqi maliyyə hesabatlarında Azərbaycan manatı ilə texniki olaraq zərər kimi tanınmalıdır. Şirkətin mənfəət və gəlirlərinin artımı ilə bağlı tarixçə və proqnozlara əsasən, ümumi yığılan zərərin ən azı əməliyyat fəaliyyəti ilə bağlı hissəsi yaxın illərdə mənfəətlə əvəzlənə biləcək”.

Şirkət ötən il aktivlərinin və öhdəliklərinin azalmasına da aydınlıq gətirib: “Aktivlərin azalmasının böyük hissəsi torpaq, tikili və avadanlıqlar bəndində öz əksini tapıb və əsas səbəb 2019-cu ildə “Azerspace-2” peykinin tutumlarının 46%-nin “İntelsat” şirkətinə maliyyə lizinqinə verilməsi ilə bağlıdır. Həmçinin, ümumi öhdəliklər 2018-ci ilə nisbətdə 77,1 milyon manat və ya 10,4% azalaraq 663,8 milyon manata düşüb. “Azərkosmos”un öhdəliklərinin əsasını peyk layihələri ilə bağlı götürülmüş kreditlərin ödənilməsi təşkil edir. Bu kreditlər peyk xidmətlərindən əldə edilən gəlirlər hesabına vaxtlı-vaxtında geri ödənilir və bu günə kimi şirkətin vaxtı keçmiş və yaxud gecikdirilmiş kredit borcu qeydə alınmayıb”.

Gununsesi.org