Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2021-ci ili 5,439 milyon manat xalis zərərlə başa vurub.
Gununsesi.info şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 29,8 % azdır.
Bununla belə, şirkətin yığılmış zərəri 22 % artaraq 26,771 milyon manata çatıb.
Ötən il “Azərpoçt”un poçt xidmətlərindən gəlirləri 18,027 milyon manat (əvvəlki ilə nisbətən 1,7 % az), maliyyə xidmətlərindən gəlirləri 12,136 milyon manat (12,8 % az), digər xidmətlərdən gəlirləri 10,188 milyon manat (14,6 % çox), əməliyyat xərcləri 23,505 milyon manat (8,5 % az), ümumi və inzibati xərcləri 20,383 milyon manat (6,6% çox), köhnələmə və amortizasiya xərcləri 5,09 milyon manat (12,8 % az), digər əməliyyat gəlirləri 1,175 milyon manat (27,8 % az), investisya fəaliyyətindən gəlirləri 4,234 milyon manat (əvvəlki il olmayıb), maliyyə xərcləri 35 min manat (37,7 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərəri 2,149 milyon manat (1 il bundan əvvəl gəlir olub), icra müqavilələrinin ləğv edilməsindən gəlirləri 5 min manat (əvvəlki il olmayıb), xarici valyutadan zərəri 167 min manat (1 il bundan əvvəl gəlir olub), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 124 min manat (16,8% az) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 434,376 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 3,7 dəfə artaraq 387,733 milyon manata, balans kapitalı isə 9,4 % azalaraq 46,644 milyon manata düşüb.
Xatırladaq ki, “Azərpoçt” kommersiya qurumu kimi 2009-cu ildə eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,345 milyon manatdır. Şirkət ölkənin milli poçt operatorudur.
Gununsesi.info