
Ötən gün Ağdaş rayonunda qətlə yetirilən “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi vəzifəsində çalışan Elçin Babayevin öldürülməsinin səbəbləri məlum olub.
Gununsesi.info Qafqazinfo-ya istinadən xəbər verir ki, E. Babayevin həyat yoldaşı vəfat etdiyinə görə o, ikinci dəfə ailə həyatı qurmaq istəyib. Ailə qurmaq istədiyi şəxs isə onu qətlə yetirən Pərviz İsmayılovun həyat yoldaşı olub.
Qeyd edək ki, Pərviz İsmayılovla həyat yoldaşı arasında dəfələrlə münaqişə olub. Sonuncu münaqişə zamanı isə həyat yoldaşı evdən gedib. Onların boşanma ərəfəsində olduğu bildirilir.
Xatırladaq ki, hadisə dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı “Dəhnə” kafesində baş verib. Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə həmyerlisi 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.
***
10:55
Ağdaş rayonunda vəzifəli şəxsi odlu silahla öldürən şəxs tutulub.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, dekabrın 28-də saat 22:00 radələrində Ağdaş rayonundakı “Dəhnə” kafesində Ağdaş şəhər sakini, “Azərsu” ASC-nin “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu ilə orada yeyib-içdiyi dostu, Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu arasında insident olub. Pərviz İsmayılov tapançadan 3 dəfə atəş açaraq, şöbə rəisini öldürüb, özü isə silahını da alaraq, qaçıb.
Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları həmin silahlı şəxsin insanlar üçün təhlükəli olduğunu nəzərə alaraq dərhal gücləndirilmiş iş rejiminə keçib və onu qısa zamanda taparaq istintaqa təhvil veriblər.
Qeyd edək ki, Pərviz İsmayılov daha əvvəl bir qızı ov tüfəngi ilə qətlə yetirdiyi üçün 10 ildən çox məhkumluq həyatı yaşayıb. Onun Elçin Babayevi də qısqanclıq zəminində qətlə yetirdiyi bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
****
10:00
Dekabrın 28-də Ağdaş rayonundakı “Dəhnə” kafesində baş vermiş qətl hadisəsinin təfərrüatları məlum olub.
Gununsesi.info-nun məlumatına görə, Ağdaş şəhər sakini, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Ağdaş Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin kommersiya şöbəsinin rəisi, 1978-ci il təvəllüdlü Babayev Elçin Niyazi oğlu həmin rayon yaşayan qadınla qeyri-rəsmi münasibətdə olub. Qadının qohumu olan Ağdaş sakini, 1979-cu il təvəllüdlü İsmayılov Pərviz Əlövsət oğlu bu məsələdən xəbər tutub və E.Babayevi öldürmək qərarına gəlib. Bu məqsədlə P.İsmayılov qanunsuz yolla “Makarov” tipli tapança əldə edib və E.Babayevi kafeyə dəvət edib. Kafedə P.İsmayılovla E.Babayev arasında mübahisə yaranıb və nəticədə P.İsmayılov tapançadan 3 dəfə atəş açaraq E.Babayevi qətlə yetirib və hadisə yerindən qaçıb.
Ağdaş rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törədən P.İsmayılov saxlanılıb, ondan qətldə istifadə etdiyi “Makarov” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gununsesi.info