“Azərsu”nun şefinin oğlunun adı torpaq qalmaqalında - VİDEO

  • By admin
  • 27 Sentyabr 2017 09:54

1500465698_1

VƏ YAXUD, ALI ALIYEV, NATİQ QULİYEV VƏ ARAZ HÜSEYNOV “ÜÇBUCAĞI”NIN SAHİBKARLARLA ALIB-VERƏ BİLMƏDİKLƏRİ NƏDİR?

Ölkədə sahibkarlığın inkişaf etdirilməsi, onlara azad rəqbət şəraitinin yaradılması, hətta, 2 il öncə sahibkarlarla bağlı yoxlamaların dayandırılması ilə əlaqədar ölkə prezidenti İlham Əliyevin daldabal bir necə sərəncam imzalamasına, həmçinin, bu istiqamətdə parlamentdə müvafiq qanunvericilik aktlarının qəbul edilərək, hüquqi qüvvəyə minməsinə baxmayaraq, hələ də sahibkarların incidilməsi, sahibkarlıq fəaliyyətinə maneçilik, əngəl törədilməsi halları qalmaqdadır.

Yenə də bəzi yerində olmayan məmurların, aidiyyatı məsul şəxslərin sahibkarlardan qeyri-qanuni tələbləri, onların fəaliyyətinə açıq-aşkar maneçilik törətmələri, ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarına saymazyana münasibətləri davam etməkdədir.

Bu məmurlar-məsul şəxslər sırasında adı hallananlardan biri də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdir.

Sahibkarlar bu şəxsin qanunsuz əməllərindən, özbaşınalıqlarından artıq boğaza yığılıblar.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Kanal24-ə müraciət edən Füzuli rayonundan olan bir qrup məcburi köckün sahibkarın dedikləri isə icra başçısının qanunsuz əməllərinin pik nöqtəsi sayıla bilər.

Belə ki, onların bildirdiyinə görə, özünü Füzuli rayonunun “ağası” kimi aparan icra başçısı sahibkarlıq və sahibkarlarla bağlı dövlətin siyasətinə xələl gətirən addımlar atır.

Daha konkret qeyd etməli olsaq, 1997-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi və şəxsi dəstəyi ilə Fizuli rayonunda 250-dən çox məcburi köçkünün məskunlaşdığı və işlə təmin olunduğu təsərrüfat sahələri məhz icra başçısı A.Alıyevin birbaşa tapşırığı və iştirakı ilə qanunsuz şəkildə dağıdılır.

Sahibkarların sözlərinə görə, hətta, mövcud problemlə bağlı məcburi köçkünlər aidiyyatı şəxslərə və qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.

Təsərrüfat sahəsində çalışanlar bildiriblər ki, “Natural AQRO” adlı MMC heç bir əsası olmadan 20 ildir istifadə etdikləri torpaqları sahibkarlardan alır.

“Ərazidə 3000 hektar əkin və örüş sahələri artıq şumlanılıb. Həmin sahələrdə təsərrüfata aid olan bütün kommunal xətlər dağıdılıb. 200-dən artıq ağac kökündən çıxarılaraq məhv edilib. Əkin sahələri şumlandığından 8000 xırdabuynuzlu və 1000-dən çox iribuynuzlu heyvanların yem tədarükü tükənib. Bu isə ölkədə kənd təsərrüfatının inkişafına ciddi zərbə deməkdir”- deyə, sahibkarlar vurğulayıblar.

Füzuli rayonunun Haramı düzündə məskunlaşan bir qrup məcburi köçkün məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə gələrək, ASC-nin sədri Qorxmaz Hüseynovla görüşmək istəyiblər. Ancaq onların Q.Hüseynovun qəbuluna düşmələri, görüşmələri mümkün olmayıb. Q.Hüseynovun əvəzinə şikəyətçiləri “Azərsu”nun məsul şəxslərindən biri qəbul edərək, onların problemlərini dinləyib, hətta məsələnin həlli istiqamətində lazımi addımların atılacağına dair sahibkarlara söz də  verib. Ancaq və lakin…

Görüşlə bağlı açıqlama verən füzulili sahibkar Vilayəddin Həsənov isə deyib ki, “Azərsu”ya gəlməkdə, Q.Hüseynovla görüşmək istəmələrində əsas məqsədləri “Natural AQRO” MMC-nin təsisçilərindən birinin Q.Hüseynovun oğlu Araz Hüseynovun olmasıdır. V.Həsənov təəssüflə bildirib ki, ancaq mövcud problemdə adı hallanan A.Hüseynovun nə özü, nə də atası Q.Hüseynovla əlaqə saxlamaları, görüşmələri mümkün olub. Bu da nəticə etibarı ilə onların problemlərinin həllinə ciddi maneə yaradır. V.Həsənovun eyni zamanda, qeyd etdiyinə görə, “Natural AQRO” MMC-nin pay sahiblərindən biri də “Bank Respublika”nın sahibi Natiq Quliyevdir. Yeri gəlmişkən, həmin bankın əsl sahibinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olduğu bildirilir.

Bu səbəbdən sahibkarlar elə həmin gün, yəni, 21 sentyabr tarixində adıçəkilən banka gələrək, N.Quliyevlə görüşüblər. Görüş zamanı sahibkarları dinləyən N.Quliyev bildirib ki, Füzuli rayonunun icra başçısı A.Alıyev torpaq sahəsi olaraq yalnız həmin ərazini onlara göstərib və deyib ki, sahibkarların bu torpaqlardan istifadə ilə bağlı heç bir hüquqi əsası yoxdur. O, eyni zamanda, sahibkarlara problemin çözümü istiqmətində köməklik göstərəcəyini vəd etsə də, sonradan mövqeyini dəyişib, yəni belə demək mümkünsə, sahibkarları yenidən sözügedən problemlə baş-başa buraxıb…

Sahibkarlar isə artıq sözügedən problemin həlli istiqamətində konkret addımların atılmasını, onların fəaliyyətinə maneçilik, əngəl yaradan məmurların, konkret olaraq adıçəkilən şəxslərin qanunsuzluqlarına son verilməsini istəyirlər. Onlar söz-vəd verilməsi deyil, konkret əməli addım atılmasını, sözdən əmələ keçilməsini gözləyirlər…

Onu da qeyd edək ki, Kanal24-ün əməkdaşı “Azərsu”nun mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətindən qısaca olaraq bildirilib ki, onlarda bu haqda hər hansı bir məlumat yoxdur və və məsələ barədə rəhbərliyə məruzə ediləcək.

Günunsesi.info