Azərbaycan əslli milyarder “YAŞAT” fonduna 1 milyon manat köçürdü…

  • By admin
  • 25 Dekabr 2020 12:01
Eks Rusiya senatoru, Azərbaycan əsilli xeyriyyəçi iş adamı Fərhad Əhmədov şəhid ailələrinə və Vətən müharibəsinin qazilərinə dəstək üçün yaradılan “YAŞAT” fonduna 1 milyon manat köçürdüyünü bəyan edib.

Gununsesi.org xəbər verir ki, bu barədə biznesmen özü məlumat verib.

“Hörmətli oxucular! Ay yarım əvvəl Vətən müharibəsi qalibiyyətlə başa çatdı. Bakıda Qələbə Paradı keçirildi. Ölkə işğalçıların qovulmasından sonra öz ərazilərinin bərpasına başladı. Bir vaxtlar A.V.Suvorov deyirdi ki, sonuncu əsgər dəfn edilməyənə qədər müharibə başa çatmayacaq. Şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə qayğı olduqca mühüm vəzifədir. Lakin indi onların ailələrinə, yaralılara, Vətənin azad olunması naminə qanını axıdanlara qayğı da ondan dah az əhəmiyyət daşımır. Onlara yaralarını sağaltmaqda, sağlamlıqlarını bərpa etməkdə, normal həyata maksimum qayıtmaqda kömək etmək bizim ümumi borcumuzdur. Prezident İlham Əliyev öz sərəncamı ilə yaralılara və şəhid ailələrinə yardım Fondu yaradıb. Prezidentin təşəbbüsünü dəstəkləyərək mən bu Fonda bir milyon manat köçürməyi qərara aldım”, – Fərhad Əhmədov bildirir.

Qeyd edək ki, Vətən müharibəsi başlayan gündən F.Əhmədov Azərbaycan ordusuna geniş dəstək kampaniyasına başlayıb. Biznesmenin sahibi olduğu “AzNar” QSC 44 günlük müharibə ərzində hər gün cəbhəyə əsgərlərimiz üçün sovqatlar-müəssisənin istehsal etdiyi ekoloji təmiz məhsullar və əsgər üçün lazım isti geyim, corab və s. göndərib. O cümlədən döyüşlərdə hərbçilərimizə gərək olan bir sıra müasir xüsusi hərbi ləvazimatlar, dizel generatorları, benzinlə çalışan mişarlar da alaraq cəbhəyə yola salıb.
Habelə iş adamı  döyüşlərdə yaralanan hərbçilərimizin müalicəsində lazım olan dərman vasitələri və tibbi ləvazimatların da alınmasımasını, xəstəxanalara çatdırılmasını təşkil edib. Bundan əlavə biznesmen Göyçay və İsmayıllı rayonlarında şəhid ailələrinə maddi yardımlar göstərib. Düşmənin Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində həlak olanların ailələrinə, yaralananlara, ev-eşiyini itirənlərə də maddi dəstək verib.
F.Əhmədov Azərbaycanda xeyriyyəçilik fəaliyyətinə hər il milyonlarla manat sərf edir. O, koronavirus pandemiyası dövründə də sosial baxımdan həssas əhali qruplarına ərzaq yardımları göndərib, koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat köçürüb.

 

Gununsesi.org