Azərbaycan-ABŞ münasibətləri 30 il ərzində inkişaf edib -Politoloq

  • By admin
  • 22 Mart 2022 14:32

“Biz ötən günlərdə ABŞ ilə diplomatik əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdik. SSRİ dağıldıqdan sonra adıçəkilən ölkə bu regionda olan ölkələrə xüsusi diqqət göstərməyə başladı”.

Bunu Publika.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Politoloq qeyd edib ki, ABŞ anlayır ki, Xəzər dənizinin sahilində olan ölkələr çox vacib ərazilərdir: “Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, ABŞ-lə çox yaxşı diplomatik əlaqələlərə sahibdir. Co Baydenin göndərdiyi məktubda da qeyd olunan məsələlər əlaqələrin inkişafı və təhlükəsizliyin təmin olunmasıdır. Yəni  buradan görünür ki, ABŞ Azərbaycanla yaxından əməkdaşlıq etməyə maraqlıdır. Biz 30 il ərzində bir neçə böyük layihələri birlikdə həyata keçirmişik. Bunlara Xəzər dənizinin ehtiyatlarının çıxarılması və işlənilməsi də daxildir. ”

T.Abbasov vurğulayıb ki, Azərbaycanla ABŞ arasında olan əməkdaşlıq 30 il ərzində inkişaf edib: “Hər iki ölkə bir-birini yaxşı anlayır və öz öhdəliklərini yerinə yetirir. Hər kəs bilir ki, ABŞ geosiyasi və digər cəhətlərdən dünyanın ən böyük güc mərkəzlərindən biridir. Azərbaycan isə həyata keçirdiyi layihələr və dünya siyasətində atdığı addımlar ilə özünü isbat etmiş bir ölkədir. Ölkəmiz Cənub Qaz Dəhlizi kimi layihəni başa çatdıra bilib və bu bir daha bizim gücümüzü dünya ölkələrinə göstərdi. Avropa ölkələrinin enerji ilə təmin olunmasında Azərbaycanın rolu kifayət qədər böyükdür. İndi Rusiya ilə Ukrayna arasında yaranmış böhran səbəbi ilə Qərb ölkələrində qaz problemi yaranmağa başlayıb. Azərbaycan bu vəziyyətdə həmin ölkələrə ernerji baxımından yardım edə bilir və bu da bizə böyük bir qazanc gətirən məqamdır. Əlbətdə, Azərbaycanla ABŞ arasında müəyyən dövrlərdə anlaşılmayan məsələlər olub. Çünki adı çəkilən ölkədə hakimiyyət dəyişdikdə bəzi məsələlərə yanaşma forması da dəyişir. Buna baxmayaraq, iki ölkə arasında olan münasibətlər inkişaf etməyə davam etdi. Biz Amerika ilə tərəfdaş olaraq da öz əlaqələrimizi yüksəltmək üçün hər zaman addımlar atırıq. Azərbaycan bütün dünya ölkələri ilə əlaqələrin yüksək olması üçün çalışıb və yöndə də addımlar atmağa davam edir. Co Baydenin dövründə olan ABŞ-ın isə Azərbaycanla sıx əlaqələrinin olması üçün çalışdığını görürük. Bayden öz marağını Prezident İlham Əliyevə müraciətində də göstərib”.

Gununsesi.info