Azərbaycan Avropa və Asiyada gücə çevrilir

  • By admin
  • 14 Oktyabr 2022 13:42

– Avropa qitəsində sülh və təhlükəsizlik;
– Asiyada qarşılıqlı fəaliyyət və etimad;

Beynəlxalq səviyyəli bu iki tədbir kəskin qütbləşmənin getdiyi dünyanın yeni siyasi münasibətləri fonunda diqqət çəkir. Belə demək mümkünsə, artıq Avropa və Asiya coğrafiyasında köhnə cəbhələr üzərindən yeni münasibətlər sistemi formalaşır.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropada sülh və təhlükəsizlik faktoru xüsusilə aktuallaşdı. Buna paralel şəkildə enerji təhlükəsizliyi də prioritet əhəmiyyət daşıyır. Praqda “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmir masa da yeni geosiyasi şərtlərdə qitənin gələcəyini müəyyən etmək məqsədi daşıyırdı.

Avropanı gələcəyinə yenidən baxmağa vadar edən Rusiya da Asiyada qüvvələrini yenidən topmalamağa, cəbhəsini gücləndirməyə çalışır. Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının keçirilməsinə də bu kontekstdə baxa bilərik.

Avropa və Asiya yenidən formalaşan beynəlxalq münasibətlər sistemində gələcək addımlarını müəyyən edirlər. Və bu prosesdə hər iki platformada yer alan nadir ölkələrdən biri məhz Azərbaycandır.

Azərbaycan lideri İlham Əliyev “Avropa qitəsində sülh və təhlükəsizlik” keçirilən dəyirmi masada iştirakçılar arasında idi və “Köhnə Qitə”nin sülh və təhlükəsizlik arayışında mühüm söz sahiblərindən biri olaraq çıxış etdi. İclasın sonunda liderlərin ailə fotosunun mənzərəsi Azərbaycan və liderinin nüfuzunu əyani şəkildə göstərirdi: Prezident İlham Əliyev qardaş Türkiyənin lideri Rəcəb Tayyip Ərdoğanla mərkəzdə yer almışdı, fotoda Ermənistanın baş nazirinin arxa planda qalması da çox şeyi ifadə edirdi.

– Avropanın enerji təhlükəsizliyində oynadığı rol;
– Qitədə sülh və təhlükəsizliyin təmin edilməsində diplomatik addımları;

Bu və digər amillər Azərbaycanın Avropa Zirvəsinin mərkəzində qərarlaşmasına zəmin yaradır. Və təbii ki, Prezident İlham Əliyevin qlobal səviyyədə nüfuzu burada həlledici amildir.

Azərbaycan lideri Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında da ön planda idi. Dövlət başçısı çıxışı zamanı Cənubi Qafqazdakı proseslərə, post-müharibə dövrü və Ermənistanla münasibətlərə toxunmaqla yanaşı, ümumilikdə Asiyanın gələcəyi baxımından əhəmiyyətli olan məsələlərdən də danışdı, qitədə nəqliyyat şəbəkəsinin qurulmasında Azərbaycanın atdığı addımları diqqətə çatdırdı.

Prezident İlham Əliyevin Avropadan sonra Asiya platformasına da dəvət edilməsi Azərbaycanın nə qədər əhəmiyyətli və vacib oyunçu olduğunu ispatlayır. Bakının Asiyanın ürəyi hesab edilən türk coğrafiyasındakı nüfuzu da burada nəzərə alınmalı məqamdır.

Hər iki cəbhə – Avropa da, Asiya da Azərbaycanı öz yanında görmək istəyir, çünki İlham Əliyev faktiki olaraq beynəlxalq güc balansına təsir edə biləcək liderdir.

Ən əhəmiyyətlisi odur ki, hər iki platformada önə çıxan Prezident İlham Əliyev heç bir cəbhənin “əlini gücləndirmir”, əksinə, geosiyasi reallıqlardan Azərbaycanın maraqlarına uyğun istifadə edir. Və hər iki qitə arasında körpü rolunu oynamaqla həm də bəşəriyyət üçün vacib olan sülh və təhlükəsizliyə mühüm töhfə verir.

Müşahidələr göstərir ki, Azərbaycan və onun lideri İlham Əliyev hazırda bütövlükdə Avrasiyanın birləşdirici faktoru, beynəlxalq güc balansına təsir edə bilən gücü, eyni zamanda, bu coğrafiyanın həlledici oyunçusudur.

Gununsesi.info