Azərbaycan diplomatiyasının ATƏT PA-da qələbəsi -Azay Quliyev yazır

  • By admin
  • 08 İyul 2022 12:46

Azərbaycan nümayəndə heyətinin fəal iştirak etdiyi ATƏT PA-nın 2-6 iyul tarixlərində Böyük Britaniyanın Birminqem şəhərində keçirilən 29-cu İllik Sessiyası başa çatdı.

Sessiyada bir çox mühüm məsələlər, xüsusilə Ukraynada baş verən müharibədən sonra ATƏT ərazisində yaşanan təhlükəsizlik böhranı, ərzaq qıtlığı, super inflyasiya, enerji təhlükəsizliyi, yeni dünya düzəni, potensial münaqişə ocaqlarının qarşısının alınması, iqtisadi əməkdaşlığın gücləndirilməsi, beynəlxaq nəqliyyat və daşıma marşurutlarında baş verən dəyişiklər və s. kimi mövzular diqqət mərkəzində oldu.

Azərbaycan üçün Sessiyaya hazırlıq və Sessiyanın keçirildiyi günlər gərgin keçsə də, nəticəsi çox uğurlu və müsbət oldu.

Nümayəndə Heyətinin qarşısında duran əsas vəzifə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm qələbədən, 30 illik münaqişəyə və işğala son qoyduqdan sonra ilk dəfə canlı şəkildə keçirilən ATƏT PA-nın İllik Sessiyasında hörmətli Prezidentimiz cənab İlham Əliyevin qəti olaraq müəyyən etdiyi 3 mühüm xətti – “ATƏT-in minsk qrupunun mandatının etibarsız olduğu”, “Dağlıq Qarabağ münaqişəsinin həll olunduğu” və “Dağlıq Qarabağ adında Azərbaycanda ərazi vahidinin olmadığı” həqiqətini müdafiə etmək, eyni zamanda “konkret cinayətlərə görə saxlanılan erməni hərbiçilərinin “hərbi əsir”adı altında azad edilməsi tələbi”nin Qətnamə layihələrinə daxil edilməsinin qarşısını almaqdan ibarət idi.

Ermənistan xaici işlər nazirliyi və Ermənistan nümayəndə heyəti bütün imkanlarını səfərbər etmişdi ki, Birminqemdə həm “ATƏT-in minsk qrupu”nu “diriltsin”, həm “Dağlıq Qarabağ münaqişəsi”nin həll olunmadığını Qətnamə layihələrinə daxil etsin, həm də müharibə başa çatandan sonra ölkəmizə sızaraq cinayət törətdiklərinə görə cəzalandırılan erməni terrorçularını “hərbi əsir”adı altında azad edilməsi tələbinin Assambleya tərəfindən irəli sürülməsinə nail olsun.

Ermənistanın bütün bunlara nail olmaq üçün etdiyi ilk cəhd isveçli deputat, İsveç-Ermənistan parlamentlərarası dostluq qrupunun sədr müavini Byon Şoder vasitəsilə edildi. Belə ki, İsveçin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Şoder mayın 16-da “Dağlıq Qarabağ münaqişəsinin hümanitar fəsadları ” adlı qətnamə layihəsi hazırlayaraq Birminqem Sessiyasının gündəliyinə daxil etmək üçün imza toplamaq kampaniyasına başladı. Qətnamə Layihəsi nəinki Ermənistanın bizim əleyhimizə olan və yuxarıda qeyd olunan bütün tezislərini özündə əks etdirirdi, eyni zamanda ölkəmzə qarşı qəbul edilməz şər və böhtanlarla dolu idi.

Aparılan müvafiq işin nəticəsində bu təşəbbüsün qarşısı uğurla alındı və ATƏT PA-nın sessiyasının gündəliyinə salınmaq üçün tələb olunan 25 imzadan yalnız 12-ni topladığına görə Şoderin qətnamə layihəsi gündəliyə salınmaq üçün müzakirəyə çıxarılmadı, yəni, keçərli səs toplamadı.

Bundan sonra Ermənistan nümayəndə heyəti və Byon Şoder əleyhimizə olan məlum müddəaları ATƏT PA-nın komitələri tərəfindən hazırlanan Qətnamə layihələrinə daxil etmək üçün 3 düzəliş (amendment) hazırlayıb Birminqem Sessiyasının gündəliyinə təklif etdilər. İlk iki cəhd Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitənin Qətnamə layihəsini dəyişmək üçün edildi. Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyanın irəli sürdüyü “Dağlıq Qarabağ münaqişəsi” nin mövcudluğunu və “ATƏT-in Minsk Qrupu” nun fəaliyyətinin vacibliyini özündə əks etdirən düzəliş Komitənin müzakirəsinə çıxarıldı. Azərbaycanın əleyhinə olan bu düzəlişə Belçikadan 3 deputat, İtaliyadan 2 deputat, İspaniyadan 2 deputat, Fransadan 1 deputat, Avstriyadan 1 deputat və Cənubi Kiprdən 1 deputat olmaqla 10 nəfər deputat imza atmışdır.

Bu düzəlişin müzakirəsi zamanı erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək Assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd olan bu dəyişikliyi qəbul etməməyə çağırdıq. Sonra düzəliş səsə qoyuldu, 27 səs əleyhinə, 12 səs lehinə olmaqla rədd edildi. Bu, ermənilərin ikinci cəhdinin iflası idi.

Daha sonra Siyasi Məsələlər və Təhlükəsilik üzrə Ümumi Komitədə ermənipərəst isveçli deputat Byorn Şoderin “saxlanılan erməni hərbiçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən”, “dağlıq qarabağ münaqişəsi”nin mətnə daxil edilməsinə, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik düzəlişi müzakirəyə çıxarıldı. Şoderin düzəlişinə Belçikadan 3 deputat, Latviyadan 1 deputat, Cənubi Kiprdən 1 deputat, İtaliyadan 2 deputat, Finlandiyadan 2 deputat, İspaniyadan 2 deputat, Avstriyadan 1 deputat, İrlandiyadan 1 deputat, Ermənistandan 2 deputat və Fransadan 1 deputat olmaqla 16 deputat qoşulmuş və ona imza atmışdır.

Bu düzəlişin də əleyhinə konkret faktlarla çıxaraq Assambleyadan xahiş etdik ki, bu zərərli dəyişikliyi dəstəkləməsin. İsveçli deputatın düzəliş təklifi səsə qoyuldu, 24 əleyhinə 12 lehinə olmaqla, bu da rədd edildi.

Nəhayət, Ermənistan nümayəndə heyəti 4 -cü cəhdini ATƏT PA-nın Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Ümumi Komitəsində etdi. Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyanın yenə “dağlıq Qarabağa” və “münaqişə”nin mövcudluğuna istinad edən, erməni hərbiçilərinin azad olunmasını özündə əks etdirən düzəliş təklifi müzakirəyə çıxarıldı.

Karapetyanın Komitənin Qətnamə layihəsinə etmək istədiyi bu düzəlişə Belçikadan 3 deputat, Cənubi Kiprdən 2 deputat, Almaniyadan 1 deputat, İspaniyadan 2 deputat, Ermənistandan 1 deputat, Fransadan 2 və İsveçdən 1 deputat olmaqla 12 deputat imza atmışdır.

Ermənilərin təklifinə qarşı çıxan Azərbaycan nümyəndə heyəti bu təklifin də birtərəfli və əsassız olduğunu, hazırda Avropa Birliyi tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın Qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək Assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırdı.

Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyuldu, 18 səs əleyhinə, 11 lehinə olmaqla ATƏT PA tərəfindən rədd edildi.

Beləliklə, nə Ermənistan nümayəndə heyətinin Şroderin vasitəsilə hazırladığı ayrıca qətnamə layihəsi, nə də ümumi Komitələrin qətnamə layihələrinə hazırladığı düzəlişlərin heç biri ATƏT PA-da dəstəklənmədi.

Ermənistanın “Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun” “dirçəldilməsi” və erməni terrorçularının dərhal azad olunması tələbini rədd etməklə ATƏT PA Azərbaycanın irəli sürdüyü 5 təməl prinsiplər əsasında Ermənistanla sülh sazişinin imzalanmasını, etimad quruculuğunun və dövlətlərarası münasibətlərin normallaşmasını birbaşa dialoq vasitəsilə həllinə tərəfdar olduğunu nümayiş etdirdi.

Bundan başqa, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, norveçli deputat Kari Henriksen Plenar iclasa təqdim etdiyi hesabatında Ermənistanla Azərbaycan arasında münaqişənin 2020-ci ilin noyabrında başa çatdığını rəsmən bəyan etdi. Sessiyadan 4 gün əvvəl isə ATƏT PA-nın prezidenti Marqareta Sederfeltin, xüsusi nümayəndə Kari Henriksenin və Baş Katib Roberto Montellanın Ermənistana və Gürcüstana etdikləri birgə səfərin yekunlarına həsr edilmiş rəsmi açıqlamada ATƏT PA nə “Dağlıq Qarabağ münaqişəsi, nə ATƏT-in Minsk Qrupu, nə də “saxlanılan ermənilərlə” bağlı heç bir söz və və ya ifadə işlətmədi, yəni, ermənilərin əsassız iddiaları İrəvana rəsmi səfər edən nümayəndə heyəti tərəfindən dəstəklənmədi.

Bütün bunlar onu göstərir ki, hörmətli Prezidentimiz Cənab İlham Əliyevin qəti olaraq müəyyən etdiyi 3 mühüm xətt, yəni, “ATƏT-in Minsk Qrupunun mandatının etibarsız olduğu”, “Dağlıq Qarabağ münaqişəsinin həll olunduğu” və “Dağlıq Qarabağ adında Azərbaycanda ərazi vahidinin olmadığı” və “konkret cinayətlərə görə saxlanılan erməni hərbiçilərinin “hərbi əsir”adı altında azad edilməsi tələbi”nin əsassız olduğu reallıığı ATƏT PA tərəfindən qəbul edildi və bu həqiqət qurumun Birminqemdə keçirilən 29-cu İllik Sessiyasında rəsmən təsdiqləndi.

Bu isə heç şübhəsiz ki, Cənab Prezidentin daxili və xarici siyasətinin, qətiyyətli və prinsipal mövqeyinin növbəti təntənəsi, dövlətimizin yaratdığı reallığın ATƏT PA- da qəbulu və etirafı, eyni zamanda Azərbaycan diplomatiyasının parlaq qələbəsidir.

Fürsətdən istifadə edib, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinə verdiyi dəstəyə görə Azərbaycanın Xarici İşlər Nazirliyinə, Azərbaycanın Avstriyada və ATƏT-dəki səfriliyinə təşəkkür edirəm.

PS
Sessiyanın sonuncu günü Ermənistan nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan qəzəbi halda çıxış edərək ATƏT PA-nı təklif etdikləri düzəlişləri dəstəkləmədiyinə görə təhqir etdi, beləliklə, özünü və ölkəsini bir daha rəzil duruma saldı.

 

Azay Quliyev

Milli Məclisin deputatı