Azərbaycan-Ermənistan sülh və əməkdaşlıq prosesi gecikir - RƏSMİ ANKARA BAKINI GÖZLƏMƏDƏN İRƏVANLA YAXINLAŞA BİLƏR

  • By admin
  • 11 Yanvar 2023 11:19
Yanvarın 10-dan etibarən Türkiyə və Ermənistan arasında hava yolu ilə karqo ticarəti başlayır.
Bu, iki ölkə liderlərinin xüsusi təmsilçilərinin danışıqlarında əldə olunmuş razılaşmalardan biridir. Növbəti addım Türkiyə-Ermənistan sərhədinin ilk mərhələdə üçüncü ölkələrin vətəndaşları üçün açılmasıdır. 
Siyasi ekspert Şahin Cəfərli Gununsesi.info-ya bildirib ki,  Türkiyə-Ermənistan əməkdaşlığının bərpası istiqamətində real addımlar atılır. Onun sözlərinə görə, ancaq  bu məsələdə Ankara ilə Bakı arasında tam sinxronluq yoxdur: “Azərbaycan-Ermənistan sülh və əməkdaşlıq prosesi gecikir. Türkiyə Azərbaycanın mövqeyini hər zaman nəzərə alsa da, öz siyasətini sonsuzluğa qədər Bakının iradəsindən asılı duruma salmaq istəməz. Ankarada həm rəsmi, həm də müxalif çevrələr görürlər ki, Azərbaycan və Ermənistan arasında anlaşılmazlıqlar asan və qısa müddətdə çözüləcək bir məsələ deyil. Eyni zamanda, tərəflər Moskvanın düşmənçiliyi uzatmağa yönəlmiş provokasiyalarına çox açıqdır. Belə olan halda Türkiyədən oturub, gözləməsini ummaq və tələb etmək bizim tərəfimizdən doğru və haqlı davranış olmaz”.
Şahin Cəfərlinin sözlərinə görə, burada vacib detallardan biri də budur ki, Türkiyədə siyasi dəyişiklik baş verərsə və yeni gələn hökumət Ermənistanla başlayan əməkdaşlığı inkişaf etdirərsə, Azərbaycan dövləti və xalqının narazılığına əsas olmayacaq: “Çünki söhbət prezident Ərdoğan dövründə əsası qoyulmuş siyasətdən gedir. Bizdəki bəzi qafillərin Türkiyə müxalifətinə də “ermənipərəst” damğası vurmağa və Xorasan türkməni Kılıçdaroğlunu erməni çıxartmağa çalışdıqlarını görürəm”.
Afət Abbasova
Gununsesi.info