“Azərbaycan Fransanı bir daha heç vaxt vasitəçi kimi görmək istəmir” -Deputat

  • By admin
  • 16 Oktyabr 2022 09:45

Azərbaycan xalqı Fransanı bir daha heç vaxt vasitəçi kimi görmək istəmir. Fransa Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu müddətdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi uğursuz və qərəzli vasitəçilik missiyası həyata keçirib, Azərbaycan BMT qətnamələrini icra edərək, işğala və münaqişəyə son qoyduğu zaman və postmüharibə dövründə rəsmi Paris aqressiv, məsuliyyətsiz və təhrikçi davranışları ilə sülh prosesinə, 10 noyabr 2020-ci il bəyanatının və Brüssel formatı çərçivəsində əldə olunan razılaşmaların yerinə yetirilməsinə süni əngəllər yaratmağa çalışıb.

Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədri Azər Kərimli deyib.

Prezident İlham Əliyevin Astanada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasındakı nitqinə diqqət çəkən millət vəkili qeyd edib ki, dövlətimizin başçısı postmüharibə dövründə Cənubi Qafqazda yaranmış vəziyyətə və Ermənistanın, eləcə də bu ölkənin himayəçilərinin təhrikçi davranışlarına ən incə detallarına kimi aydınlıq gətirib:

“Cənab Prezident öz nitqində Fransanın Azərbaycan və Ermənistan arasındakı münasibətlərə heç bir aidiyyatının olmadığını bildirdi, eyni zamanda qeyd etdi ki, hətta Minsk Qrupunda belə Fransanın xidmətinə ehtiyac olmayıb. Çünki bu xidmət ziyanlı və qərəzli olub, həmin dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın maraqlarına və işğalın legitimləşdirilməsinə xidmət edib. Amma bütün bunlara baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək, Fransanın Praqada Brüssel formatı çərçivəsində keçirilən görüşdə iştirakına razılıq verdi. Amma Emmanuel Makronun son açıqlamaları sübuta yetirdi ki, Fransanın, bütövlükdə Cənubi Qafqazda cərəyan edən proseslərdən kənarda qalması bu bölgəyə sülhün, sabitliyin daha tez gəlməsi üçün ən vacib şərtlərdən biridir. Bu ölkənin indiki rəhbərliyi xoş məram, dövlətlərarası etiket qaydaları, sivil üslub və mədəni siyasi münasibətlər haqqında təsəvvürləri yoxdur və rəsmi Paris siyasətini BMT Nizamnaməsinin təməl prinsipləri, beynəlxalq hüquq nörmaları, müstəqil dövlətlərin suveren hüquqlarına hörmət üzərində qurmadıqca, bu ölkə ilə hər hansı bir dialoq platformasında sülhə, təhlükəsizliyə, ədalətə xidmət edən nəticə qazanmaq mümkün deyil. Bu aspektdən də Fransanın bundan sonra, ona hər hansı bir formada aidiyyatı olmayan prosesdə – Azərbaycan-Ermənistan danışıqlarında iştirakı mümkün deyil. Azərbaycan dövlətinin siyasəti istisnasız olaraq, Azərbaycan xalqının vahid mövqeyinə əsaslanır. Azərbaycan xalqı isə Fransanı bir daha heç vaxt vasitəçi kimi görmək istəmir”.

Gununsesi.info