Azərbaycan gömrüyündə soyulan - azərbaycanlılar və əcnəbilər

“Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib”.
Gununsesi.info xəbər verir ki, məlumatı Dövlət Gömrük Komitəsi yayıb.
Bildirilir ki, yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.
Yayılan fotolarda vətəndaşın gətirdiyi malların müxtəlif markalı olduğu və ən əsası hərəsindən bir ədəd olduğu görünür. Bu da sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb və Dövlət Gömrük Komitəsinin bu addımı etiraza səbəb olub.
İstifadəçilər hesab edirlər ki, Şahin Bağırov gömrük orqanlarına həm də sadə yolçunun soyğunçuluğu prizmasından yanaşır. Özünə bir ədəd əl çantası, yaxud geyim gətirən adamın rüsuma cəlb olunması 2023-cü ilin “sürprizi” kimi qiymətləndirilib.
Dövlət Gömrük Komitəsi isə rəsmi səhifəsində tənqid yazan vətəndaşları bloklayıb.
Hüquqşünas Xalid Ağalıyev Dövlət Gömrük Komitəsinin bu addımı ilə bağlı geniş yazı yazıb.
O, Gömrük Komitəsinin Azərbaycanı dünyada və Avropa Məhkəməsində biabır etdiyini qeyd edib: “”Gömrükçülərimizin saxladığı geyim-filan əşyalarının dəyəri 100 mindən artıqdır”, “bəyan edilməyib” deyə, şəxsi əşyaların saxlanılmasına, götürülməsinə, müsadirəsinə haqq qazandırmaq doğru deyil. Gömrükçülərimiz çox belə “əməliyyatlar” aparıblar, onlarla yerli məhkəmə qərarları var ki, “bəyan edilməmə” əsası ilə vətəndaşların əşyalarının, pullarının üzərinə çökülməsini qanunsuz sayıb. Gömrükçülərimizin “şücaəti” hətta Avropa Məhkəməsinə qədər gedib, çıxıb.
 
Onlardan biri haqqında:
Həddən ziyadə diqqətli gömrükçülərimiz 2010-cu ildə Türkiyə vətəndaşı Serpil Parı hava limanında saxlamışdılar. Onun üzərində bəyan edilməmiş 210 min avro pul vardı. “Bəyan edilməmə” əsası ilə türk vətəndaşının pulu götürüldü, özünə də qaçaqmalçılığa görə cinayət işi açıldı. Xanım Par-dan “pulu sizin dövlətinizə bağışlayıram” məzmunda “könüllü” ifadə alındıqdan sonra pulu əlindən alındı, özü sərbəst buraxıldı…
Başıbəlalı Yaponiya vətəndaşı Katsunori Hyodonu da 2011-ci ildə hava limanımızda eyni aqibət gözləyirdi. Yapon qardaşımızın 127 min avrosu “bəyan edilməməsi” əsası ilə gömrükçülərimiz tərəfindən götürüldü, özünə də cinayət işi açıldı…
Yenə də “pulu sizin dövlətinizə bağışlayıram” məzmunda “könüllü” ifadə, pulun əlindən alınması və yapon qardaşın sərbəst buraxılması hekayəsi…
Həm xanım Par, həm də cənab Hyodo nəql edilən olayların ardından müvafiq hüquqi addımları atıb, onların mülkiyyətini təşkil edən cinayət yolu ilə əldə edilməmiş, hər hansı cinayətin obyekti olmayan pul vəsaitinin onlara geri verilməsini tələb etmişdilər. Amma məhkəmələrimiz daxil, müraciət edilmiş bütün instansiyalar “bizim gömrük qanunsuzluq etməz” pəncərəsindən boylanmışdı xanım Par və cənab Hyodonun şikayətlərinə. Sonda onlar Avropa Məhkəməsinə üz tutmalı olmuşdular.
Avropa Məhkəməsi 2021-ci ildə həmin şikayətlər üzrə qərarını açıqladı. Qərarın azərbaycanca mətninin linki. Aydın, o qədər də geniş olmayan qərardır, maraqlananalar oxuya bilərlər.
Qərarın ümumi məzmunu bundan ibarətdir ki, xanım Par və cənab Hyodo Azərbaycan gömrüyündə bütünlüklə qanunsuzluq silsiləsi ilə əhatələniblər – pulları qanunsuz götürülüb, təzyiq altında pullarından imtina ərizəsi yazmağa vadar ediliblər və sair.
Yekunda məhkəmə qərar verdi ki, götürülmüş pullar qəpiyə-qəpik (337 min 600 avro) türk və yapon vətəndaşa ödənilsin, dövlət də qəpiyə-qəpik ödədi, Ali Məhkəmənin Plenumu Par və Hyodonun şikayətləri üzrə əvvəlki bütün qərarları ləğv etdi…
Gömrükçülərimizin “sərvaxtlığından” bizə, ölkəmizə qalansa biabırçılıq, hökumətin hüquq xərcləri, Avropa Məhkəməsi ilə yazışmaların əziyyəti oldu…
P.S. Yeri gəlmişkən, Azərbaycan hökuməti bu qərarın icrası ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinə 2022-ci ilin dekabrında yazıb ki, qərarı tərcümə etdik, Gömrük Komitəsinə də göndərdik ki, bir də belə qanunsuzluqlar etməsinlər…
Gununsesi.info