Azərbaycan həbsxanalarındakı sıxlığı necə azaltmaq olar? - DEPUTAT VƏ HÜQUQ MÜDAFİƏÇİSİ DANIŞIR

  • By admin
  • 06 Mart 2024 13:19

“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi”ndə Azərbaycan həbsxanalarında həddindəna artıq sıxlığın olması barədə məqam xüsusi diqqəti çəkib.

Gununsesi.info-nun məlumatına görə, Ombudsman Səbinə Əliyeva məruzəsində bildirib ki, 2023-cü ildə istintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib:

“2 min 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub”.

 

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Cəfərli Gununsesi.info-ya müsahibəsində bildirib ki, Azərbaycan həbsxanalarında məhbus sayının həddindən artıq çox olması Avropa Şurasının və digər beynəlxalq insan haqları təşkilatının hesabatlarında da əks olunub.

Hüquq müdafiəçisi hesab edir ki, bunun birinci səbəbi qeyri-adekvat məhkəmə qərarlarıdır: “Qanunsuz həbslər də var. Amma törədilən cinayətə adekvat olmayan ağır cəzalar  daha çoxdur.  Məhkəmələr həbsə meyillidir. Halbuki, alternativ cəzalar  qanunla mümkündür. Bugün daha çox şahidi oluruq ki, törədilən əmələ adekvat olmayan ağır cəzalar verilir. Burada bir məqam da var. Bu da dövlətin cəza icra siyasəti ilə bağlıdır. Hesab edirəm ki, dövlətin cəza icra siyasəti humanizmə əsaslanmalıdır”.

Fikrət Cəfərlinin sözlərinə görə, regional istintaq və cəzaçəkmə müəssisələrinin də sayının artırılması vacibdir: “Əhalinin sayı artıb. Cinayətlər çoxalıb. Azərbaycan həbsxanalarının əksəriyyəti ağır şəraitdədir”. 

Hüquq müdafiəçisi hesab edir ki, Azərbaycanda böyük amnistiya aktına ehtiyac var: “Elə bir amnistiya olmalıdır ki, azı 10-12 min nəfər azadlığa çıxsın”.

Zaman-zaman Penitensiar Sistemdəki durumu diqqətdə saxlayan deputat Naqif Həmzəyev isə hesab edir ki, həbsxanalarda sıxlığın qarşısının alınmasının yollarından biri qanunvericiliklə nəzərdə tutulan vaxtından əvvəl azad etmə qərarlarına daha çox önəm verməkdir: “Cinayət qanunvericiliyində  məhkumun təyin olunan cəzadan vaxtından əvvəl azad olunması halları müəyyən edilib. Biz bunun şahidi oluruq. Amma hesab edirəm ki, bunu daha çox etmək olar. Bugün elə məhkum var ki, cəzasının böyük hissəsini çəkib. Bəzən yerli məhkəmə onun barəsində müsbət qərar çıxarır, amma görürük ki, sonradan ittiham orqanı tərəfindən protest verilir”. 

Naqif Həmzəyev Azərbaycanın müxtəlif bölgələrində istintaq və cəzaçəkmə müəssisələrinin yaradılmasının da çıxış yollarından biri olduğunu vurğulayıb: “Bu yaxınlarda Lənkəran Penitensiar Müəssisəsi istifadəyə verildi. Uzun illərdən bəri inşa olunan, amma yarımçıq qalmış Gəncədəki Penitensiar Müəssisənin  də tamamlanması vacibdir”. 

 

 

Afət Abbasova

Gununsesi.info