Azərbaycan, İran və Rusiya dəmiryolçularının görüşü keçirilib

  • By admin
  • 02 İyul 2016 13:17

cavid

 

Bakıda Azərbaycan, İran və Rusiya dəmiryolçuları arasında üçtərəfli görüş keçirilib və bu görüşdə “Şimal-Cənub” dəmiryol dəhlizi layihəsinin reallaşdırılması istiqamətində məsələlər müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Gununsesi.info-ya açqlamasında deyib ki, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan ərazisində reallaşdırılan layihələr, perspektiv vəzifələr haqqında məlumat verib. O eyni zamanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisi istiqamətində gedən işlər və onun əhəmiyyəti haqqında danışaraq deyib ki, bu layihənin reallaşdırılması Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələr arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. N.Əzməmmədov onu da bildirdi ki, görüşdə “Şimal-Cənub” dəhlizinin reallaşmsı ilə bağlı olaraq Rusiyanın Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Rusiya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunub.

Azərbaycan prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq 20 aprel 2016-cı ildə Azərbaycan-İran dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 1 mart 2016-cı ildən Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib.

Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Sonra üçtərəfli görüşdə Azərbaycan tərəfinin Astara (Azərbaycan)-Astara (İran) birləşdirici xəttinin tikintisində, İran tərəfinin Qəzvin-Rəşt birləşdirici xəttinin tikintisində gördüyü işlər, Rusiya-Azərbaycan-İran və Rusiya-Azərbaycan-İran-Hindistan marşrutları üzrə və əks istiqamətdə yük daşınma həcminin artırılmasında “Rusiya Dəmir Yolları” ASC-nin iştirakı, Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xəttinin tikintisinin maliyyələşdirilməsində də “Rusiya Dəmir Yolları” ASC-nin iştirak şərtləri müzakirə olunub.

Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra razılaşma 21 may 2002-ci il tarixindən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Saziş”ə qoşulub.

Tədbirin sonunda müvafiq sənəd imzalanıb.

 

cavid2

Mürtəza