“Azərbaycan-Kamboca əlaqələri yeni əməkdaşlıq imkanları yaradır” -ŞƏRH

“Prezident İlham Əliyevin Kambocanın Baş naziri Hun Manetin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin inkişafı baxımından bir sıra mühüm məqamları ön plana çıxardı. Hesab edirəm ki, bu səfərin əsas əhəmiyyəti mövcud siyasi əlaqələrin iqtisadi, humanitar və təhlükəsizlik sahələrində konkret əməkdaşlıqla tamamlanması üçün yeni imkanların yaranmasıdır”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Allahverənov deyib:

“Azərbaycanla Kamboca arasında uzun illərə söykənən diplomatik münasibətlər mövcuddur. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı siyasi dialoqun inkişafına şərait yaradır. Əlaqələrin daha da genişlənməsi üçün qarşılıqlı siyasi dəstəklə yanaşı həm də iqtisadi və işgüzar münasibətlərin inkişaf etdirilməsinin də xüsusi çəkisi var. Bunun üçün isə ölkələr arasında biznes imkanları barədə məlumatlılığın artırılması, sahibkarlar arasında əlaqələrin qurulması və investisiya layihələrinin təşviqi bu baxımdan olduqca əhəmiyyətlidir.

Bəyanatda diqqətimi çəkən əsas məsələlərdən biri mina təhlükəsi ilə mübarizə oldu. Azərbaycan və Kamboca bu problemin ağır humanitar nəticələri ilə üzləşmiş ölkələrdir. Fikrimcə, onların bu sahədə təcrübə mübadiləsi aparması, mütəxəssislərin hazırlanması və mina təhlükəsinin aradan qaldırılması istiqamətində əməkdaşlıq etməsi mühüm praktiki nəticələr verə bilər. Azərbaycan üçün bu məsələ xüsusilə aktualdır, çünki mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə və insanların təhlükəsiz şəkildə doğma torpaqlarına qayıdışına birbaşa təsir göstərir.

Digər mühüm məqam Kambocanın Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin genişləndirilməsinə dəstək ifadə etməsidir. Hesab edirəm ki, ASEAN istiqamətində münasibətlərin inkişafı Azərbaycan üçün yeni iqtisadi tərəfdaşlıqların qurulması və Asiya bazarlarında çıxış imkanlarını genişləndirməklə yanaşı oradakı mövqelərinin gücləndirilməsi baxımından əlavə imkanlar yarada bilər.

Ümumilikdə, bu səfəri Azərbaycan-Kamboca münasibətlərinin yeni əməkdaşlıq istiqamətləri üzrə inkişafı üçün əhəmiyyətli addım kimi qiymətləndirirəm. Əsas məsələ əldə olunan razılaşmaların real layihələrlə davam etdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın möhkəmləndirilməsidir”.

 

 

 

Şəbnəm

Gununsesi.info